İlk baxışdan bu zərif, lakin enerjili xanımın taleyi dramatik filmin ssenarisinə bənzəyir – görüşlər, ayrılıqlar, itkilər və hətta müharibə. Rəsmi görüşlər və dövlət tədbirləri artıq onun gündəlik həyatının bir parçasıdır: səhər sübhdən o, iş masası arxasında əyləşir, iclaslar keçirir, xahişləri dinləyir və əmrlər verir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova keçən il 100-illik yubileyini qeyd etdi. O, öz həyat yolundan, və sonda həyatın bütün çətinliklərə qalib gəlməsindən bəhs edir.
Uşaqlıq illərinizdən bəhs edin. Siz o vaxtı necə idiniz?
Mən hər zaman çox fəal idim. Ailənin yeganə övladını oğlan kimi tərbiyə edirdilər! Xatırlayıram, heç bir qorxu hissi olmadan ağacın üstünə dırmaşırdım. Mən Poluxin küçəsində doğulmuşdum, lakin atamın vəfatından sonra evi əlimizdən aldılar, və biz anamın işlədiyi Lenin kombinatı yanında bir qəsəbəyə köçdük. Onun fars kökləri var idi, kombinatda isə çoxlu iranlı çalışırdı. Altıncı-yeddinci siniflərdə ədəbiyyat dərsini mənə dahi yazıçı Mir Cəlal Paşayev tədris edib. Yadımdadır, gimnastika dərslərinə gedirdim, sonra isə Moskvada Ümumittifaq bədən tərbiyəçilərin paradında iştirak etdim. Bu möhtəşəm bir tədbir idi, və o vaxtlar çox populyar sağlam həyat tərzinin təbliği ilə bağlı idi. Onun keçirilməsi üçün böyük sayda insanlar cəlb edilirdi. Hər ölkədən olan idmançıların öz forması var idi. Mən bu paradı çox yaxşı xatırlayıram...
Cəbhəyə necə getdiniz?
Yeddinci sinfi bitirdikdən sonra – o vaxtlar, bir qayda olaraq, yeddi sinfi başa vururdular, nadir hallarda kimsə doqquzuncu sinfə qədər çata bilərdi – mən tibb texnikumuna qəbul olundum. Orada üç il ərzində təhsil aldım, sonra mamaça kimi çalışdım. Tibbi təhsili olan hamıya hərbi bilet təqdim olunurdu, və hərbi rütbə verilirdi. Onları mən də aldım. Əlbəttə, heç düşünməzdim ki, hərbi bilet mənə bu qədər yaxın zamanda lazım ola bilər. Mən ailə həyatı qurdum – həyat yoldaşım qonşuluqda yaşayırdı, biz uşaq ikən tanış olmuşduq – mənim cəmi 17, onun isə 22 yaşı var idi...Cavanlıq gözəldir, çünki hər şeyi ilk dəfə yaşayırsan. Məhəbbət də bu yaşda pak və günahsızdır. Biz evləndik, lakin birgə cəmi beş ay yaşadıq: müharibə başladı. Mən düşünmədən hərbi komissarlığa getdim və könüllü kimi qeydiyyatdan keçdim. Həyat yoldaşım, Məmməd Səttarov, Montin adına Maşınqayırma zavodunun direktoru idi. Zavod təcili olaraq hərbi sursatların istehsalına başlamış, işçiləri isə arxa cəbhə əsgərləri statusunu almışdırlar.
Mən Moskva yaxınlığında döyüşlərdə iştirak etdim, blokada altında Leninqradda oldum, Berlinə qədər çatdım... Tibb məntəqələri qatar vaqonlarında yerləşirdi, mən yaralılara ilk yardım göstərirdim, bandajlayırdım. Yod və bintlərdən başqa əlimizin altında başqa heç nə yox idi. Mən heç vaxt yaralılar arasında fərq qoymurdum, qarşımda kim olursa olsun - əsir almanları belə eyni məsuliyyət hissi ilə müalicə edirdim, çünki Hippokrat andını içmişdim. Mən həmişə ön cəbhədə olmuşam, yüzlərlə həyatı xilas etmişəm, hərbçiləri, sözün əsl mənasında, döyüş meydanından çıxartmışam...
Sizdə qorxu hissi var idi?
Heç vaxt. Mən cəsur adam kimi görünürəm: özümü güllələrin altına, cəbhə xəttinə atdım, həyatımı riskə atdım. Mən düz səngərlərdə yaralıları bandajlayırdım ... Və bir dəfə Alman tankları düz üstümə sürdü, və mən bütün gecəni paltomun altında səngərdədə oturdum.
Biz əsgərlərimizi, o cümlədən azərbaycanlıları düz meşədə, daim ölümün gözünə baxaraq basdırırdıq. Onu da deyim ki, biz uşaq bağçasından tutmuş həyatın bütün mərhələlərində bizi müşayiət edən çox güclü ideoloji təsir altında böyümüşük. Biz növbə ilə oktyabrçı, pioner, komsomolçu olduq, sonra isə partiya sıralarına qəbul olunduq, və partiya vəsiqəsini itirmək o zaman, bəlkə də, ölümdən də pis idi. Yeniyetmə ikən mən tez-tez müşahidə edirdim ki, “xalq düşməni” elan edilmiş qonşularımız heç bir səbəb olmadan birdən-birə yoxa çıxırdılar. Çox çətin vaxtlar idi. Amma eyni zamanda inanırdım ki, burada olmaq mənim borcumdur. Və əlindən gələni edirdim.
Müharibənin necə siması var?
Çox qorxulu. Göz yaşı, ağrı və itki. 1941-42-ci illərdə Moskva döyüşündə, mühasirəyə alınmış Leninqradda mən hər şeyi gördüm: insanların döyüşdə həyatlarını itirməsini, aclıqdan küçələrdə ölməsini... Dərman yox idi, suya quru yarpaqlar əlavə edirdik ki, əsgərlər dərman içdiklərini düşünsünlər. Bəzən bu sırf psixoloji baxımından kömək edirdi...
Çox çətinliklərdən keçməli oldum. Biz yaralıların Leninqraddan Ladoqa gölünün o tayından çıxarılmasına kömək etdik. Sonra addım-addım, şəhər-şəhər, qələbəyə doğru getdiyimiz Stalinqrad cəbhəsinə çatdım. Macarıstan və Rumıniyadan keçərək Berlinə çatdıq. Dağıdılmış küçələri, yaralıları, ölənləri xatırlayıram... Sonra azad edilmiş Parisdə iki ay işlədim – məni təcrübəli tibb bacısı kimi dəvət etdilər. Evə qayıtdıqdan sonra artıq burada, xəstəxanada xəstələrə qulluq edirdim. Anam yalvardı ki, məni cəbhəyə qaytarmasınlar, Bakıda işləməyə qaldım. Artıq müharibənin sonu idi, tezliklə biz Qələbəni qeyd edirdik.
Ən çətin anlarda hansı fikirlər ağlınıza gəlirdi?
Mən vaxta dəyər verməyi öyrəndim. Axı hər an hesablanır, bəzən yaralıların həyatını xilas etmək üçün bir neçə dəqiqə tələb olunurdu. Düşünməyə vaxt yox idi, hər zaman hərəkətdə olmalı idik. Təbii ki, evim üçün darıxırdım. Həyat yoldaşıma məktublar yazdım, amma o da cəbhədə olduğu üçün onları almırdı. Bizi tez-tez bir yerdən başqa yerə köçürürdülər, daimi əlaqə saxlaya bilmirdik. Amma ən çətin anlarda belə ruhdan düşmürdüm, zarafat edirdim. Hamı bilirdi ki, mən zarafat etməyi sevirəm, məni şən xasiyyətimə görə sevirdilər, hətta məni yedizdirdilər, əlavə yemək paketi də verirdilər. Mən indi də beləyəm. Optimizm həmişə qəlbən gənc qalmağa kömək edir!
Müharibədən sonrakı illər necə keçirdi?
Bir çox tibb bacıları evə qayıtdıqdan sonra Azərbaycan SSR KP MK-nın birinci katibinin adına ərizə yazaraq tibb institutuna imtahansız daxil olmağı xahiş edirdilər. Amma mən Plexanov Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum, sonra Belarus Dövlət Universitetinə keçdim. 60 ilə yaxın ictimai iaşədə rəhbər vəzifələrdə çalışdım. Həyat yoldaşımın səhhəti ciddi şəkildə pozuldu, müharibənin nəticələri öz təsirini göstərdi. Üç oğlumuz, bir qızımız var idi. Sonra dul qaldım, uşaqları tək böyütdüm. Bu gün mənim böyük bir ailəm var – 11 nəvəm və 20 nəticəm var!
İnsanların xarakterində hansı xüsusiyyətləri qiymətləndirirsiniz?
Həyat səmimi insanları sevir. Bir insanı bir şeyə görə bəyənmirəmsə, onun bu barədə məlumatlı olmasına üstünlük verirəm. Hiyləgər şəkildə arxadan pislik etmək mənlik deyil. Mən işə olan sevgini yüksək qiymətləndirirəm, özüm də çalışqan və eyni zamanda tələbkar lider olmuşam. Mən belə düşünürəm: əgər tapşırılan işi yerinə yetirmək öhdəliyini üzərinə götürmüsənsə, onu vicdanla icra etməlisən. Bu vacibdir. Öhdəliklərinizə görə məsuliyyət daşımalısınız. Əgər iş kiminsə xoşuna gəlmirdisə, özünə və başqalarına işgəncə vermədən, ərzə yazmağı təklif edirdim.
Ordenlər və mükafatlar sizin üçün nə deməkdir?
Məndə onların sayı çoxdur. Hamısını bir yerdə taxa bilmirəm, işdə seyfdə saxlayıram. Respublikanın ictimai həyatında uzun illər səmərəli fəaliyyətimə görə Prezident yüzillik yubileyim münasibətilə məni “İstiqlal” ordeni ilə təltif edib. Mənim üçün əsas xalqıma, ölkəmə gətirə biləcəyim faydadır. Mən öz xalqımı, vətənimi sevirəm. Anam həmişə mənə deyirdi ki, mən özümü unuduram, hətta özümü qurban verməyə hazıram. Həqiqətən də belədir.
Keçən ilin fevralında məni Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Təşkilatının sədri vəzifəsinə dəvət etdilər. Özümü veteranlarla işləməyə həsr etdim. Mən öz işimə, əqidəmə sadiqəm və təbii ki, bu təqdir olunanda sevinirəm. Dövlət, ölkə rəhbərliyi mənə qayğı göstərir. Əslində mən adi, öz öhdəliklərini yerinə yetirən azərbaycanlı qadınam.
Cəbhə yoldaşlarınızla görüşmüsünüz?
Bəli, biz hər zaman görüşürdük və mütləq müharibənin başladığı və bitdiyi günlərdə. Kafedə oturub keçmişi xatırlayırdıq. Onların çoxu artıq həyatda deyil, çünki ən kiçiyi mən idim, artıq yüz yaşım var. Cəbhəçi dostlarımın xatirəsinə bütöv bağ əkib, becərdim. Və bu yaxınlarda mənim döyüşçü dostum Mariya Mixaylovna Roxlina tapıldı – 80 il əvvəl biz Stalinqrad yaxınlığındakı döyüşlərdə birgı iştirak etdik. Moskvadakı Azərbaycan diasporunun nümayəndələri bizim üçün dostluq telekörpüsü təşkil etdilər, onunla söhbət etdik, mən də onu ziyarətə dəvət etdim.
Deyirlər ki, müharibə iştirakçıları müharibənin necə olması barədə uzun-uzadı hekayələrdən qaçırlar...
Bunda müəyyən həqiqət var. Çoxlu ictimai işlərlə məşğul oluram, tez-tez məktəblərə gedirəm, orta məktəb şagirdləri ilə görüşürəm, onlara müharibədən ümumi danışıram. Həmişə nəfəsləri kəsilərək məni dinləyirlər, və bir qayda olaraq, daha çox danışmağımı xahiş edirlər. Sonra mən onları 44 günlük müharibədən danışmağa dəvət edirəm, bu müharibə zamanı torpaqlarımızı qaytardıq. Məndən tez-tez gəlməyimi xahiş edirlər. Uşaqlar tez təsir altına düşürlər, bu hekayələr onlarda çoxlu duyğulara səbəb olur. Onlara bildirirəm ki, zorakılıqda və məhvdə yaxşı heç nə yoxdur. Mən həmişə ağrıları gizlətməyə, dərin hissləri içimdə saxlamağa çalışmışam. Pandemiya zamanı eyni anda iki oğlumu və bir gəlinimi itirdim. İnsanların içində ağlamağa utanırdım. Sakitcə içimdə kədərlənirdim. Çünki Qarabağ müharibəsi zamanı Azərbaycan anaları həyatdan həzz ala bilməyən hələ çox gənc oğullarını itirdilər.
Sizin üçün həyatın mənası nədir?
Həyat keçicidir. Yüz ilin necə keçdiyini hiss etmədim, fərqinə varmadım. Yaddaşım ötən əsrin anları ilə doludur, amma mən hələ də Azərbaycanın gələcəyini düşünürəm. İnsanın doğulduğu, uşaqlığının keçdiyi, təməl dəyərlərinin formalaşdığı yerdən Vətənə hörmət ənənəsi başlayır. Səni valideynlərin dünyaya gətirir, amma Vətən sənə lazım olan hər şeyi verir və bunun üçün ona minnətdar olmalısan.
Mənim üçün həyatın mənası Vətənimi, xalqımı, insanları, onların bütün müsbət və mənfi cəhətləri ilə birgə, sevməkdən ibarətdir. Biz mənfi cəhətlərlə mübarizə aparmalı, müsbət cəhətlərə isə diqqət yetirməliyik. Axı hər şeyin yaxşı və pis tərəfləri var, və insanlar da istisna deyil. Həyatın mənası ölkəni ən yaxşı şəkildə təmsil etmək, onu qorumaq və ona ürəkdən xidmət etməkdir.
FAKTLAR
İkinci Dünya Müharibəsinin Şərq Cəbhəsi zamanı (və ya Böyük Vətən Müharibəsi) Azərbaycanın hər 5-ci vətəndaşı düşmənə qarşı vuruşdu. 1941-ci ildə 3,4 milyon insandan 681.000 cəbhəyə getdi, onlardan 10.000 qadın idi. Müharibə başlamazdan cəmi beş ay əvvəl öz ailəsini quran gənc Fatma Səttarova onlardan biri idi.
V
Moskva yaxınlığında döyüşdü, sağ qaldı, Leninqrad blokadasından sağ çıxdı, Berlinə çatdı, yaralılar arasında fərq qoymurdu. Hippokrat andını içdiyinə görə alman hərbi əsirləri ilə məsuliyyətli rəftar edirdi. O, həmişə ön cəbhədə olub, yüzlərlə insanın həyatını xilas edib, sözün əsl mənasında əsgərləri döyüş meydanından çıxarıb.
V
Fatma Səttarova ilə birlikdə cəbhə xəttinə səfərbər olunan 42 tibb bacısından cəmi 19 nəfər geri qayıtdı, qalanları öldürüldü.
V
Bu gün Fatma Səttarovanın böyük bir ailəsi var – 11 nəvə və 20 nəticəsi var. 2021-ci ilin fevral ayından 21 mart 1987-ci ildə yaradılan Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədridir. Bu gün təşkilatın sıralarına bir milyondan artıq müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları daxildir.
V
Şərq Cəbhəsi zamanı 170 mindən çox azərbaycanlı hərbi orden və medallarla mükafatlandırılıb.
FATMA SƏTTAROVANIN ÇOXLU MÜKAFATLARDAN BƏZİSİ:
• Vətən Müharibəsi ordeni
• Millət Qüruru Ordeni
• “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı
• “Moskvanın müdafiəsinə görə” medalı
• Tibbdə fərqlənmə medalı
• Xeyriyyə və mərhəmət medalı
• “Döyüşdə fərqlənməyə görə” medalı
• SSRİ Daxili İşlər Nazirliyində qüsursuz xidmətə görə medalı
Prezident İlham Əliyev Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib.