Rahat bir həyatda doğulmuş və normal bir sivilizasiyada böyümüş o, taleyində olan gözlənilməz dönüşləri heç vaxt təxmin etmirdi. Hər şeyi diqqətlə planlaşdırdığını düşünsə də, həyatın öz axarı vardı: Keniyaya aparan səyahətdə Afrika təbiətinin əl dəyməmiş gözəlliyi onu heyran edəcək və sonra Masai yerli qəbiləsinin əhatəsinə düşəcəkdi.
Nişanlısı ilə Nayrobini kəşfə çıxan macərapərəst turist Korinna Hofman, yaraşıqlı döyüşçü Lketinqanın qeyri-adi cazibəsi ilə ovsunlanmışdı. Onunla birgə Keniyanın bir kəndində məskunlaşmağı seçməklə Korinna, gözlənilməz çətinliklərlə dolu, tamamilə fərqli bir mədəniyyətin içərisində macəraya başlamışdı. O, bununla qumlu çimərlikləri keçi peyininə bürünmüş daxma ilə əvəzləmişdi. Eyni zamanda hər hansı bir problemi həll etmək üçün yüzlərlə bürokratik maneələrlə qarşılaşırdı, istər pasport, istərsə də ticarət üçün icazə alma prosesi qızın onsuz da çətin olan həyatını cəhənnəmə çevirirdi. Bürokratik əngəllərlə üzləşməsinə, malyariyaya qarşı mübarizə aparmasına və yorğunluğuna baxmayaraq, Korinnanın Lketinqaya qarşı olan sevgisi dəyişməz olaraq qalırdı və onunla birlikdə həyat qurmağa qərar vermişdi. Lakin onların qızı Napirai dünyaya gəldikdən sonra aralarında gərginlik yarandı və bu, Lketinqanın özünə uyğun həyat yoldaşı axtarmasına və onunla evlənməyi düşünməsinə gətirib çıxardı.
Bir gün Korinna dərk edir ki, artıq ayrılmağın zamanıdır. Lketinqa istəməsə də, qızlarının onunla birlikdə getməsinə icazə verir. Korinna ona sadəcə nənəsinin yanına ziyarətə getdiyini desə də, ürəyinin dərinliyində Lketinqa bunun son olduğunu hiss edirdi. Korinnanın gedişindən az sonra İsveçrədən aldığı məktub onun şübhələrini təsdiqləmişdi. İsveçrədə o, ona və ailəsinə kömək etməklə bağlı vədini yerinə yetirimiş və İsveçrə qanunlarına uyğun şəkildə boşanma prosesini yekunlaşdırmışdı, lakin Keniya qanunlarına görə onlar hələ də evli qalmışdılar. İllər sonra Korinna gələcəkdə 4 milyon nüsxə satılacaq və 30 dilə tərcümə ediləcək avtobioqrafiyasını qələmə alır. Napirai isə yetkinlik yaşına çatdıqda, o vaxtdan bəri yeni ailə həyatı qurmuş atası ilə yenidən əlaqə saxlayır.
Qeyri-adi bir kişiyə olan sevgisi bu maraqlı avropalı qadının tək həvəsi deyildi. İllər sonra o, ruhunun bir parçasının daim yaşadığı qara qitəni yenidən ziyarət edəcək və Afrika haqqında daha üç kitab yazacaqdı.