NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ROBERT DE NİRO İLƏ SƏMİMİ SÖHBƏT

"Son 20–30 ildir ki, Yeni ili çox sadə qeyd edirəmçoxlarının, bəlkə də, düşündüyünün əksinə olaraq, xüsusi heç nə etmirəm. Düzünü deyəcəm: elə yorğun oluram ki, adətən, gecəyarını heç gözləməyib yatmağa gedirəm"

Screen Shot 2016-01-21 at 10.26.29

Robert de Niro, özünün iş ortağı – baş aşpaz Nobuyuki Masuxisanın şərəfinə adlandırılmış ikinci Nobu restoranının Moskva təqdimatına, belə hallar üçün gözlənilməz olan sport-casual geyim dəstində gəldi – göy mayka və cins şalvarda. Bu cür demokratik görkəm, lüks dərəcəli restoranın aristokratik ruhu ilə bir qədər uyuşmurdu. Baş aşpazın sözlərinə görə, Nobu restoranlar şəbəkəsinin prinsipi – yüksək keyfiyyətli ərzaq və xidmətdir, qiymətlərin yuxarı olması da buradan ortaya çıxır. Hollivud əfsanəsi və ulduz-restorator Robert de Niro, Nargis üçün müsahibəyə dərhal razılıq verdi. Onunla söhbət etmək çox rahat idi: nə öz mülkü olan restoranda, nə də onun davranış və ifadəsində ulduz statusuna heç eyham belə yox idi...

Screen Shot 2016-01-21 at 10.26.52

...On yaşında, “Oz diyarının qəribə sehrbazı” adlı məktəb tamaşasında balaca Robertin debütü olur. Həmin vaxt valideynləri artıq boşanmışdılar və hər biri ayrılıqda öz şəxsi həyatını qurmuşdu. Robertə yetərincə vaxt ayıra bilməmiş, amma təhsil haqqını ödəmək imkanına malik olan anasının təkidilə, o, Nyu-Yorkdakı Fyorella La Quardiya adına Musiqi, incəsənət və ifa ustalığı üzrə ali məktəbə daxil olur. Onun, səhnə ustalığından dərs deyən, Stanislavski sistemi metodikasıyla çalışan müəllimləri, ən qiymətli sənət toxumunu ona ötürə bildilər və bu toxum, istedad sayəsində cücərib qol-budaq ataraq, Robertin kino karyerasının yaranması prosesini təşkil etdi. İlk dəfə 20 yaşında Brayan De Palmanın “Toy qonaqlığı” komediyasında çəkildi, amma kinokompaniya bankrota uğradığından, film altı il rəfdə qaldı. Gözəçarpmayan filmlərdəki kiçik rolları isə, xeyli vaxt onun kino istedadının tam olaraq ortaya çıxmasına imkan yaratmadı...

Screen Shot 2016-01-21 at 10.28.57

– Cənab De Niro, mən Azərbaycanı təmsil edirəm və əlbəttə ki, birinci sualım belə olacaq: Bakını ziyarət etmək və yaxud orada Nobu restoranı açmaq fikriniz varmı?

– Orada heç vaxt olmasam da, mən bu haqda düşünürəm. Sizin şəhəriniz haqqında çox eşitmişəm: mənə Bakının çox gözəl bir yer olduğunu deyiblər. Hələlik dəqiq pir planım yoxdur, amma əminliklə bilirəm ki, ölkənizdə olmaq istərdim... Onu da deyim ki, mən Qətərdən qayıdanda, bir arada mənə dedilər ki, Azərbaycanın üstündən uçuruq. Odur ki, Bakını artıq quş uçuşu yüksəkliyindən gördüyümü deyə bilərəm.

Yeni İl yaxınlaşır. Bu bayram, uşaq xatirələri və bayram ovqatı ilə sıx bağlıdır, çoxlarının ailəvi qeyd etdikləri bayramdır. Siz onu, adətən, necə qeyd edirsiz?Bu çox çətin bir sualdır, sizin düşündüyünüzdən də çətin... Məsələ burasındadır ki, son 20–30 ildir Yeni ili çox sadə qeyd edirəm – çoxlarının, bəlkə də, düşündüyünün əksinə olaraq, xüsusi heç nə etmirəm. Düzünü deyəcəm: elə yorğun oluram ki, adətən, gecəyarını heç gözləməyib yatmağa gedirəm. Üstəlik də mən Yeni ili qeyd etməyin elə də böyük həvəskarı deyiləm.

Screen Shot 2016-01-21 at 10.27.12

Çoxları hesab edir ki, məsləhət vermək çox əbəsdir. Bəs, siz ona necə yanaşırsız: özünüz məsləhət verməyi xoşlayırsızmı, hər hansı qərara gəlməmişdən öncə kiminləsə məsləhətləşirsizmi?

Kiməsə vacib lazım olduğunu görsəm, mütləq ona məsləhət verirəm, elə özüm də, əgər mənə lazımdırsa, başqasının məsləhətini məmnuniyyətlə dinləyərəm.

Bəs taleyi dəyişən məsləhətlər həyatınızda olubmu?

Hə. Çoxdan olub, amma o gün indiyə qədər yadımdadır. Deyə bilmərəm ki, məsləhət idi, yoxsa sadəcə mülahizə, amma bir dəfə mən, yeniyetmə vaxtı, Nyu-York mağazalarından birində satıcı işləyəndə, təxminən altmışa yaxın yaşı olan bir ahıl kişi mənə dedi: «Əgər gənclik bilsəydi, qocalıqsa bacarsaydı...». Niyəsə bu sözlər yaddaşımda həkk olundu və ömrün boyu yadımdan çıxmır.

Screen Shot 2016-01-21 at 10.27.27

...30 yaşında De Niro, rejissor Con D. Hənkokun “Təbili asta çal” (1973) filmindəki Bryus Pirson roluna görə, Nyu-York kino tənqidçilər birliyinin mükafatını qazanmaqla kinoakademiklərin diqqətini cəlb etdi. Tezliklə uşaqlıq dostu, o vaxt hələ hamıya tanış olmayan Martin Skorseze ilə görüş isə, hər ikisinə söhrətin palma budağını gətirdi: Skorsezenin “Pis küçələr” (1973) filminin uğurlu dünya prokatından sonra Robert De Niro, Conni-boy roluna görə ikinci mükafatla təltif olundu – bu dəfə artıq ABŞ kino tənqidçilərinin Milli Şurası tərəfindən.

NM_022_pages_DeNiro3

Amma ən böyük uğur, gənc ekssentrik aktyoru, rejissor Frensis Koppolanın şəxsində gözləyirdi – «Xaç atası-2»də (1974) De Niro gənc Vito Korleoneni oynadı və sonucda, ikinci plan olsa da, amma parlaq rola görə “Oskar” mükafatı ilə təltif olundu. Sonra isə sadəcə ulduz rolların atəşfəşanlığı başladı. Burada hər şey üst-üstə düşürdü: maraqlı ssenarilər, parlaq rejissorlar və mükəmməl aktyor oyunu. «Maral ovçusu» (1978) beş «Oskar», «Qızmış öküz» (1980) – «ən yaxşı kişi rolu» və «Qızıl qlobus» aldı...

Screen Shot 2016-01-21 at 10.28.23

Sizin kino karyeranızı bütün dünya izləyib... Bəs restorator karyeranız necə inkişaf edib?

Əslində, mən əvvəl “Traybeka Qril” restoranını açmışdım. Bu çoxdan olub, o vaxt çox istəyirdim ki, belə bir restoran açım və insanlar oraya məmnuniyyətlə gəlsinlər. Bir ya da iki ildən sonra, Kaliforniyada olanda, Los-Ancelesdəki Nobuyuki Masuxisanın restoranında oldum və o, mənə dedi: «Niyə də biz Nyu-Yorkda şərikli restoran açmayaq?». Deyim ki, onun sözləri ürəyimə yatdı... Amma ilk müştərək restoranı biz yalnız dörd ildən sonra açdıq.

Niyə belə çox gözləməli olduz? Dörd il az deyil!

Hə, təsəvvürünüzə gətirin! Çox əmin deyildik ki, hər şey alınacaq, detallar, dizayn üzərində çox çalışırdıq - ətalət çox vaxtımızı aldı.

(De Nironun Traybekadakı ən birinci restoranı 1990-cı ildə açılıb. Öz steykləri ilə məşhurdur. 25 il ərzində menyu demək olar ki, dəyişilməyib.)

Necə düşünürsüz, insanlar Nobuya sizin adınızla bağlı olduğuna görəmi gəlirlər, yoxsa bura onların doğrudan da xoşlarına gəlir?

Yəqin ki, birinci, hətta ikinci dəfə kimsə marağa görə gələ bilər. Amma, inanın, əgər yeməklər dadlı olmasa, yaxud xidmət pis olsa, o, bir daha gəlməz, daimi müştəriyə isə heç çevrilməz. Bu yalnız restoranlara aid deyil: insanlar pis və narahat yerə çətin ki, getsinlər...

Screen Shot 2016-01-21 at 10.28.37

...De Nironun kino karyerasının coşqun vaxtları olan 80–90-cı illərdə, bir-birinin ardınca nəinki pərəstiş olunan, hətta yetərincə gəlir gətirən filmlər çəkilməyə başladı: qanqster saqası «Bir dəfə Amerikada» (1984), «Toxunulmazlar» və «Mələk ürəyi» (1987), «Gecəyarı düşməmiş yet» (1988), «Bronks əhvalatı» (1993), «Kazino» və «Tutuşma» (1995), «Böyük ümidlər» (1998), «Bunu təhlil et» (1999) və b. Yaraşıqlı De Nironun xarici görkəmi müəyyən tipaj rollara uyğundur – ya polisdir, ya da qanqster – bu da həm rejissorları, həm də pərəstişkarlar odusunu tamamilə qane edir. Amma 2000-ci illərin əvvəllərindən bu yana De Niro özünü tamamilə fərqli janrlarda sınamağa başladı – və yenə də Stanislavski məktəbi özünü doğrultdu. Təhlil edib obraza girmək vərdişi, ona bir sıra romantik, dramatik və hətta komedik personajlar yaratmaqda kömək etdi. O rolları, hamının sevdiyi bu filmlərdə görmək olar: «Valideynlərlə tanışlıq» (2000), «Seyfyaran» və «15 dəqiqə şöhrət» (2001), «Fakerlərlə tanışlıq» (2004 və 2010), «Maçete» (2010) və b. Robert De Nironun kino işlərinin ümumi sayı inadla yüzə yaxınlaşır və təkliflər gəlməkdə davam edir. 2009-cu ildə Robert De Niro, kinematoqrafiyanın inkişafında şəxsi töhfələrinə görə “Britaniya” mükafatına layiq görüldü, 2011-ci ilin Yanvarında isə, kinematoqrafiyanın inkişafında bütün karyera boyu verdiyi töhfələrə görə ikinci «Qızıl qlobusu» qazandı. Onun iştirakı ilə, 2016-cı il üçün azı üç filmin premyerası gözlənilir.

De Nironun restoran biznesində olması artıq 25 ildir. O, “Traybeka Qril”, “Lokanda Verde” restoranlarının, “Qrinviç Otel” mehmanxanasının və bir sıra başqa otel-restoran biznes müəssisələrinin birgə sahibidir. Frensis Ford Koppola ilə birgə, San-Fransiskodakı məşhur “Rubikon” restoranına sahiblik edir. Bu restoran öz şərab kataloquna görə məşhurdur və müxtəlif illərdə oradakı şərab adlarının sayı 1700-ə çatmış və dəfələrlə xüsusi mükafatlar qazanmışdı. Onun işgüzarlığı diqqətdən kənar qalmayıb: 2014-cü ilin sonunda Robert De Niro, Antiqua və Barbuda ada-dövlətin xüsusi iqtisadi nümayəndəsi təyin olunub, nəticədə bu dövlətin turist biznesinə 250 milyon ABŞ dolları həcmində yatırım sazişi imzalanıb...

NM_022_pages_DeNiro

Bu yaxınlarda kinoteatrlara «Stajçı» filmi çıxdı. Bilmək istərdim, Nensi Meyers ilə necə işləmisiz?

Mənə çox rahat idi. Deməliyəm ki, ona afərin, olduqca çox və səylə çalışdı…

Bu film, bəs Rusiyada necə qarşılandı?

Əla!

Bunu eşitmək xoşdur.

Elə filmlər olur ki, büdcəsinin hətta çox böyük olmasına baxmayaraq prokatda iflasa uğrayır, bu isə, görünür ki, yetərincə uğurlu alınıb…

Siz Hollivudun seks-simvolusuz. Həmişə bilmək maraqlı olub, görən belə kişilər qadınlar haqqında nə düşünürlər, onların hansı keyfiyyətinə daha çox dəyər verirlər?

Onlarla yaşamaq qeyri-mümkündür, amma onlarsız da yaşamaq mümkün deyil!

Amma yenə də?

Nədir, bu barədə kitab yazacaqsız?

Özü də necə!

Yaxşı… Bu ondan asılıdır ki, sən konkret olaraq bu qadından nə istəyirsən? Şəxsən mənim xeyirxah və cazibədar qadınlardan xoşum gəlir…

Bəs gözəllik? Belə bir ifadə var axı: kişilər gözləri ilə sevir…

Hə, haqlısız, əlbəttə gözəllik də olmalıdır…

Madam ki, siz artıq dünya restoran biznesinin bir hissəsi olmusuz, onda soruşa bilərəm – Siz özünüz, yaxud yaxınlarınız üçün yemək hazırlayırsızmı?

Yox, heç vaxt. Amma mənim oğlum hazırlayır və heç də pis alınmır.

Siz həmişə işlə məşğul olan bir adamsız. Vaxtınızı uşaqlarla keçirə bilirsizmi, ailənizlə, dostlarınızla ünsiyyət üçün vaxt tapırsızmı?

Hə, uşaqlarla ünsiyyət – həyatımın bir hissəsidir, çalışıram boş vaxtlarımın hamısını uşaqlarla keçirim. Bu, mənim üçün çox vacibdir.

Screen Shot 2016-01-21 at 10.27.57