NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Almazlar, İtalyan Təcrübəsi, Tarixi və Şərəfli Ənənə: Leo Pizzo ilə Müsahibə

Leo Pizzo zərgərlik brendi bütün dünyada müştərilər arasında ən məşhur brendlərdən biridir. Sonsuz yeniliklər və bacarıqlı sənətkarların əl əməyinin nəticəsidir ki, ənənələrə sadiq qalmaq şərti ilə müxtəlif yeniliklər gətirərək, bu dəyərli bazara tendensiyalara uyğun yeni parçalar təqdim etmək bacarığı “Leo Pizzo”nu beynəlxalq lüks brendə çevirib. “Leo Pizzo” brendinin nümayəndəsi ilə söhbət xoş notlarla başladı. Müsahibədən cəmi bir neçə saat əvvəl Sinyor Pizzo və onun həyat yoldaşı Sinyora Rosaria ilk dəfə baba və nənə oldular. Valenzada onların ailə biznesinin yerləşdiyi müəssisə Anna-Lizanın doğumunu qeyd etmək üçün bayraqlarla bəzədildiyi gün biz brendin fəlsəfəsi, italyan sənəti və adət-ənənələri haqqında söhbətə başladıq.

Yaradıcılıq prosesini konseptin hazırlanmasından həyata keçirilməsinə qədər təsvir edə bilərsinizmi?
İlk baxışdan sadə görünsə də, bu olduqca mürəkkəb bir prosesdir. Burada əsas məsələ sadəcə ideyanın mövcudluğu deyil, həmçinin onun həyata keçirilməsidir. Proses təbiət və ya incəsənət kimi müxtəlif mənbələrdən götürülə bilən ilkin ilham qığılcımı ilə başlayan yeddi-səkkiz mərhələni əhatə edir. Məhz buna görədir ki, biz tez-tez sərgilərə gedir və müxtəlif memarlıq abidələri, dizaynları ilə tanış oluruq. Biz hər bir küncündə incəsənətin mövcud olduğu bir ölkədə yaşadığımız üçün şanslıyıq. Bununla belə, vaxtımızın və resurslarımızın çoxunu sərf etdiyimiz mərhələ icra mərhələsidir. Məhsullarımız peşəkar hazırlanır, odur ki, daimi inkişaf və təkmilləşdirmə tələb edir.

Prosesin bütün mərhələlərində iştirak edirsiniz?
70 nəfərdən ibarət komandamız var, onlardan bəziləri 20 ildən artıqdır ki, xüsusi olaraq bizimlə işləyirlər. Həmçinin gənc komanda üzvlərimiz var ki, onların təqaüdə çıxması planlaşdırılan işçiləri əvəz etməsi gözlənilir. Müəssisədə olmağım mənə orada işləyən uşaqlarımla əlaqədə qalmağa şərait yaradır. Həyat yoldaşım, övladlarım və mən günlərimizi əsasən şirkətimizdə birlikdə keçiririk - bu bizim üçün çox əhəmiyyətli bir nöqtədir. Bu cür əlaqə həqiqi mənada əvəzolunmazdır. Şirkət mənimlə bərabər zaman keçdikcə böyüdü və mən ilk zamanlarda bu işə başladığım insanların çoxu ilə hələ də işləməyə davam etdiyim üçün özümü xoşbəxt hesab edirəm. Mən bunu çox faydalı hesab edirəm və ümid edirəm ki, gələcəkdə də belə davam edəcəyik.

Bütün ailənin birlikdə işləməsi sizin uğurunuzda mühüm bir amil olmalıdır, elə deyilmi?
Ailəmin birlikdə işləməsi mənim üçün ən vacib məqamdır. Üstəlik, kommersiya baxımından da bu, böyük əhəmiyyət kəsb edir. Şirkətin bir ailə kimi fəaliyyətini davam etdirdiyini müşahidə etdikdə, müştərilərdə də bizə qarşı inam yaranır. Övladlarımızın gətirdiyi yeni baxış bucaqları da brendin təməlində yer alan ənənələr ilə vəhdət təşkil edir.

Şirkətinizin “gənc zərgərlərin hazırlanması” təşəbbüsü haqqında ətraflı məlumat verə bilərsinizmi? Tam olaraq nə edirsiniz?
Zərgərlik sənətində öyrənmək üçün həmişə yeni bir şey var. Biz özümüzü bu işə həsr etmiş sənətkarlarıq və sənətimizi qorumaq bizim üçün prioritet olmalıdır. Bizi unikal edən bacarıqlarımız və əl işləri sənətimizdir. Əllə işləmək bacarığı, qabiliyyəti zamanla formalaşır, onu qısa müddət ərzində öyrənmək qeyri-mümkündür. Bizim şəhərimiz, Valenza zərgərlik adət-ənənəsi ilə məşhurdur, başqa sözlə desək, Valenza bu sənətin şəhərdir. Burada qızılla işləməyi öyrənmək daha asandır, lakin digər növ qiymətli daş-qaşlarla işləmək üçün əvvəlcə təlim keçmiş olmağınız lazımdır. Həyat yoldaşım, qızım və mən bu sənətin öyrədilməsi ilə məşğul oluruq. Valenzada belə bir deyim var: “Necə işləməli olduğunu öyrənə bilməzsən, onu yalnız oğurlaya bilərsən”, bu isə o deməkdir ki, praktiki təcrübə ən dəyərli müəllimdir.

Hər kim istəsə sizin təlimlərə gələ bilər, yoxsa xüsusi seçim meyarlarınız var?
İstənilən şəxs yaxınlaşıb təlim keçmək üçün müraciət edə bilər. Onların bu işdə istedadı olduğunu görsək, niyə də olmasın? Bacarıq nümayiş etdirən və işini yaxşı görərək ön plana çıxanlar bu işdən yaxşı gəlir əldə edə bilərlər.

İşinizdə müəyyən qiymətli daşlara üstünlük verirsiniz, yoxsa yaratmış olduğunuz bütün sənət əsərləri arasında ürəyinizdə xüsusi yer tutan konkret parçalar var?
Əsas prioritetimiz keyfiyyətdir. Bazarda çox sayda seçimlər olsa da, biz xüsusi olaraq yaradıcılığımızın təxminən 90 faizini təşkil edən sapfir, zümrüd, yaqut və əsasən də almaz kimi orijinal qiymətli daşlarla işləyirik. Hindistanda almaz bazarı çox yaxşı şəkildə qurulub. Uzun illər əvvəl biz hazırda da bu sənayenin ön pillələrində olan əsas fiqurlarla əlaqə saxlayaraq daş-qaşları birbaşa onlardan alırıq. Vasitəçiləri, distribyutorları, bir sözlə üçüncü tərəfləri aradan qaldırmaq və etibarlı istehsalçılarla birbaşa əməkdaşlıq etmək vacib məsələdir. Bir sahibkar olaraq, düzgün şirkətlərlə aramızda etimad yaratmaq çox vacibdir, çünki almaz və zərgərlik əhəmiyyətli bir investisiyadır. Zamana ayaq uydursanız və modaya əməl etsəniz belə, bir sıra ailə yadigarı olan dəyərləri qoruyub saxlamalı olduğunuzu dərk etməlisiniz. Başqa hansı var-dövlətinizi əminliklə təmin edə bilər? Məsələn, bahalı avtomobillər nə vaxtsa ucuzlaşa bilər, lakin zinət əşyalarında bu demək olar ki, baş vermir. Həyat yoldaşım sahib olduğu hər şeyi nəvəmiz Anna Lizaya vermək niyyətindədir.

Bu işin incəliklərini yaxşı bilməyən adi bir müştəri zinət əşyaları alarkən nələrə diqqət etməlidir? Ustadın əl işini digərlərindən ayırd edərək tanımağa kömək edəcək xüsusi nüanslar varmı?
Bu, çətin bir məsələdir. Bizim kimi mütəxəssislər konkret təfərrüatları ayırd edə bilsələr də, bu, dərin biliyi olmayanlar üçün olduqca müşkül ola bilər. Onu deyə bilərəm ki, belə müştərilər üçün bilmədikləri yerdən daha ucuz qiymətə hansısa zinət əşyası alaraq risk etməkdənsə, etibarlı zərgərdən alınacaq yüksək keyfiyyətli bir məhsula bir az daha çox pul xərcləmək daha yaxşı seçim ola bilər. Ən vacib məsələ etibar etdiyiniz birinə, bacarıqlı bir zərgərə baş çəkməkdir. Nə olursa olsun, həmişə keyfiyyətə üstünlük verin. Keyfiyyətli məhsulların qiyməti adətən digərlərindən daha yüksək olur. Məsələn, mən Bakıda yaşasaydım, “İtaldizain”i seçərdim, çünki onlar əsasən etibarlı və nüfuzlu şirkətləri təmsil edirlər. Bacarıqlı zərgər olmaq xeyli vaxt və təcrübə tələb edir.

Bacarıqlı zərgər olmaq xeyli vaxt və təcrübə tələb edir.

Bakıda nələri görə bildiniz və diqqətinizi xüsusilə nə cəlb etdi?
Bakı hərəkətli, müasir arxitekturanın və nisbətən daha aşağı templi, daha mənzərəli tərzin qarışımı ilə digər şəhərlərdən fərqlənir. Gözəl və gözqamaşdıran bu müasir binaları asanlıqla müşahidə edə bilərsiniz. Lakin bütün müasir inkişafa baxmayaraq, şəhərin qədimi hissələri də qorunub saxlanılmışdır. Biz məhsullarımızın təqdim olunma formasını yüksək qiymətləndiririk və satıcı xanımlarımız da bu həvəsi bizlə birgə bölüşürlər. Alıcılar və satıcılar arasındakı səmimiyyət satış prosesində mühüm rol oynayır.