NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

KEÇMİŞ VƏ GƏLƏCƏK ARASINDA

Fransanin Cartier zərgərlik evində işlədiyi 40 il ərzində Pyer Raynero onun üslub və estetikasinin xüsusiyyətlərini bütün incəliklərinə qədər öyrənmiş, həmçinin brendin şanli tarixini araşdirmişdir. İrs və üslub üzrə direktor kimi unikal vəzifə ona zərgərlik dizayninin qorunmasi məsuliyyətini bəxş edir.

Cartier brendi ilə əməkdaşlığınız necə başladı?
Mən bura haradasa 40 il bundan öncə, daha dəqiq 38 il öncə gəlmişəm… O zaman reklam agentliyində kommunikasiya bölümüdə çalışırdım. 90-cı illərin əvvəllərində prezident mənə kreativ departamentə keçməyi təklif etdi, mən hətta bədii rəhbər də seçildim, amma tezliklə bu vəzifəni üslub üzrə direktora dəyişdim. 20 il öncə isə Cartier Evində irs bölümünü yaratdım və indi də irs və üslub üzrə direktor vəzifəsində çalışıram.

Ən çox hansı kolleksiya üzərində işləməyiniz Sizin üçün yaddaqalan olub?
İlk dəfə Cartier yüksək zərgərlik sənəti ilə 1984-cü ildə bu zərgərlik evinə gəldikdə tanış oldum. Mən reklam kampaniyasını hazırlayırdım. Çox yaxşı yadımdadır, həmin kolleksiyanın əsas vacib xüsusiyyəti sarı sapfirlər idi. O zamanlar göy sapfir ilə müqayisədə sarılar çox da məşhur deyildi və çox az adam ondan istifadə edirdi. Bu daşın seçimi o dövr üçün çox cəsarətli bir addım idi, həmçinin onun mirvarilər, brilyantlar və sarı qızıl ilə birgə istifadəsi də…


Siz, demək olar ki, keçmiş və gələcək arasında yaşayırsınız. Siz müasir Cartier yaradıcılığını Lui Kartyenin sənəti ilə necə əlaqələndirirsiniz?
Lui Kartye inanılmaz dərəcədə cəsur, yaradıcı və uzaqgörənlik xüsusiyyətinə malik bir şəxsiyyət idi və Cartier üslubunu da məhz o yaratmışdı. O nəinki bu üslubun nümunələrini yaratmış, həmçinin gələcəkdə istifadə olunacaq baza elementlərin repertuarını təqdim etmişdi. Bilirsiniz, bu sadəcə rəngli daşların uyğunlaşması deyil, dizayn prisinpləridir – Cartier hələ də onları rəhbər tutaraq yaradıcılığına davam edir. Onun prinsiplərindən biri yeni forma və obrazların axtarışı idi – bu yanaşma indiki zamanadək aktual olan zinət əşyaları yaratmağa imkan verirdi. Bunun sayəsində biz bu gün keçmişin dizaynlarını təkrarlamayan, ancaq ona yeni bir baxış verən nümunələr yaradırıq.

Ən çox hansı kolleksiyalar üzərində işləməyi sevirsiniz?
Cartier brendinin hər bir məhsulunun hazırlanması prosesi xüsusi bir zövq verir… Xüsusi vurğulamaq lazımdır ki, hər bir unikal zərgəlik əsərinin, daimi bəzək əşyası kolleksiyanın, yeni saat xəttinin yaradılması üzərində iş – bunlar hər biri fərqli yaradıcılıq növüdür. Özünəməxsus unikal bəzək əşyaları heç vaxt təkrarlanmır, baxmayaraq ki, bəzən yeni bir istiqamətə yol aça bilərlər: siz onu yaradıb, satırsınız və artıq digər prosesə yönəlirsiniz. Yeni saatların dizaynı uzun illər aktual qalacaq üslubda olmalıdır, seriyalı istehsal imkanını da nəzərə almaq lazımdır. Beləliklə, inkişaf baxımından bunlar tamamilə fərqli tapşırıqlardır.

Cartier brendinin inkişaf etdirilməsində sizə nə yardımçı olur?
Bizim bütün işimiz – böyük bir məmnuniyyətdir, həm də böyük bir məsuliyyətdir. İrsimizə qayğı və incəliklə yanaşmalıyıq. Mən muzeylərin kuratorları ilə sıx əlaqədə işləyirəm: brendimizin vizyonunu onlara ötürürəm, bu və ya digər arxiv obyektinin nə qədər maraq cəlb etdiyini, dizaynın nə qədər innovativ olduğunu qiymətləndirməyi təklif edirəm...
Biz keçmişdə yaradılmış məhsulu analiz edirik; eləcə də, Cartier brendinin indiki yaratdıqlarını bir neçə onillik sonra qiymətləndirəcəklər. Ona görə də Cartier məhsulu anlıq, keçici olmamalıdır, yaxşıca düşünülmüş olmalıdır, axı gələcəkdə o, ən ciddi üslub analitikləri tərəfindən qiymətləndiriləcəkdir. Bu məsuliyyət məni çox motivasiya edir.

Sonuncu yüksək zərgərlik incəsənəti kolleksiyası - Beautés du Monde nəyə həsr olunmuşdur?
Hər bir yüksək zərgərlik incəsənəti kolleksiyası Cartier bədii dünyasında öz əksini tapan və onun indentifikasiyası ilə sıx bağlı olan müəyyən bir mövzu ətrafında birləşdirilir. Kolleksiya “Dünyanın gözəllikləri” adlanır, ona “Dünyanın möcüzələri” də deyə bilərsiniz – o, Cartier üçün ənənəvi olan yaradıcı yanaşmanı əks etdirir: dünyanın gözəlliklərinə maraq və onları qəbul etməyə açıq olmaq. O, flora və faunanın ənənəvi obrazlı təsvirindən əlavə, peyzajdan da ilham alır. Mədəniyyətdə də bu belədir – ikonik predmetlər və milli naxışlarla yanaşı müxtəlif qəbilə və xalqların adət-ənənələri də Cartier yaradıcılığında öz əksini tapır. Bu maraq bizim yaradıcı prosesin əsas hərəkət nöqtəsidir: bizim tərəfimizdən yaradılan formalar müxtəlif dünyaların təsiri altında işığa çıxırlar.

Siz, yəqin ki, belə gözəl bir yerdə işlədiyiniz üçün çox xoşbəxtsiniz?
Bəli, mən çox xoşbəxtəm. Birincisi, bu Ev dərin məzmun ilə zəngindir – emosional və bədii. İkincisi isə, insan faktorudur. Cartier üçün hazırlanan hər şey – bir istiqamətdə çalışan, vahid bir mədəniyyəti, dəyəri bölüşən çox sayda insanların əməyinin nəticəsidir.