NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

İsfarın planeti

Azərbaycanın əməkdar artisti, "Zirvə" Dövlət Mükafatı laureatı, İsveçrənin Montrö şəhərində keçirilən 43-cü caz festivalının qalibi, caz və elektron musiqi janrında ifa edən ilk azərbaycanlı musiqiçi, pianoçu və bəstəkar İsfar Sarabski "Warner Music Group" səsyazma konserni ilə iş müqaviləsi imzalayıb. NARGIS jurnalına verdiyi eksklüziv müsahibəsində İsfar yeni albomunun necə yarandığı, DJ kimi çıxış etməyi, musiqiçi üçün cazın və azadlığın nə ifadə etdiyi və musiqinin daxili problemlərin həllində necə kömək edəcəyi barədə danışır.

Warner şirkəti ilə əməkdaşlığınız necə başladı?
Warner şirkətindəki insanlarla görüşmək üçün çox səy göstərildi. Mən çoxdandır ki, "Warner"ə girməyi hədəfləmişdim, çünki yaradıcılığı həmişə mənə maraqlı olan dünyaca məşhur musiqiçilər orada toplaşıblar. Əvvəlcə danışıqlar gedirdi. Onlar musiqimi dinlədilər, video kliplərimi izlədilər, musiqi barəsində söhbət etdik. Sonda maraqlandıqlarını və əməkdaşlığa başlamaq istədiklərini bildirdilər. Yeri gəlmişkən, həmin vaxtda başqa leybllardan da bir çox təkliflər almışdım, yəni mən də diqqətlə düşünməli idim. Buna görə bütün işlərə fasilə verdim, ətraflı düşündüm və "Warner" ilə müqavilə bağlamaq qərarına gəldim.

Vinil plastinka adi albomdan nə ilə fərqlənir?
Bütün bunlar zövqə görədir. Prinsipcə, rəqəmsal səsyazma indi çox yüksək keyfiyyətdədir, hərçənd bu yenə də studiyadan asılıdır. Vinilin səslənməsinin CD-dən çox fərqləndiyini düşünmürəm. Ancaq vinil modasının geri qayıtması çox xoşdur, çünki bu valideynlərimizin bir zamanlar dinlədiklərində yaşadıqları duyğuları və emosiyaları hiss edə bildiyimiz keçmişdən bu günə gözəl bir körpüdür. Vinilin yenidən kolleksiyalanması çox gözəldir, belə kolleksionerlər çoxdur. Mən özüm vinil həvəskarıyam və tez-tez plastinkalar alıram. Ümid edirəm ki, vinil modası keçməyəcək! İstənilən musiqi daşıyıcısı hər zaman maraqlıdır.

Yeni albomunuzu "Planet" adlandırmısınız. Niyə?
Çünki bütün bu kompozisiyalar, belə demək mümkünsə, həyat yolunda səyahətim zamanı yazılıb. Hər bir trekin, hər bir kompozisiyanın öz vaxtı, öz əhvalı və hansısa ruh halı ilə bağlılığı var. İlk başda albomun adı haqqında heç bir fikrim yox idi. Amma "Planet" kompozisiyasını bəstələyəndə özünəməxsus bir ruh halım var idi. Əvvəlcə onu fortepianoya köçürdüm, sonra orkestrlə birlikdə yazdırdım. İdeya sadəcə bir melodiya yaratmaq idi, amma Moskva studiyasında orkestrlə səsyazma zamanı onu dinlədikdə çox təsirlənmişdim: bəstələdiyim musiqinin belə səslənəcəyini özüm də gözləmirdim! Və bütün treklərimin bu planetdəki həyat boyu böyük səyahətim zamanı yazıldığı ağlıma gəldi. Ona görə də albomu "Planet" adlandırdım.


Bəs niyə səsyazmanı Bakıda deyil, Moskvada edirdiniz?
Bu asan iş deyil. Bakıda musiqini yaxşı keyfiyyətdə yazdırmaq hələ ki, çətindir - simli alətlər, orkestr, həmçinin royal. Royalın səslənməsini yazmaq o qədər də asan iş deyil. Buna görə də təəssüf ki, səsyazma üçün ya Berlinə, ya da Moskvaya getməli oluram. Ümid edirəm ki, gələcəkdə Bakıda öz studiyamı yaradacağam və bunun üçün başqa ölkəyə getməyə ehtiyac qalmayacaq.

Albomun üzqabığını necə hazırladınız?
Sadəcə üz qapaqları da daxil olmaqla dizayn işləri ilə məşğul olan şirkətə nümunələri və musiqiləri göndərdim. Mənim haqqımda fikir sahibi olmaları üçün qısa bioqrafiyamı da göndərdim. Komanda işə çox peşəkar yanaşdı, bunu üzqabığındakı assosiativ təsvirlərdən də anlamaq olar - burada klassika, retro, folklor, hətta köklərimlə belə əlaqələri görmək mümkündür.

Bir neçə il əvvəl, NARGIS jurnalına verdiyiniz müsahibədə demişdiniz ki, Montrö şəhəri sizin üçün böyüməyin yeni bir mərhələsi olub - özünüzü balaca oğlan deyil, artıq bir kişi olaraq dərk etmisiniz. "Planet" albomunun çıxışını bir növ növbəti mərhələ adlandırmaq olarmı?
Şübhəsiz. Mən xüsusilə musiqi dünyasından olan bir çox sınaqlardan keçmiş böyüklərlə, təcrübəli insanlarla ünsiyyət qurmağı sevirəm, hər zaman onların fikirlərini dinləmək, dəyərli məsləhətlər almaq mənə maraqlıdır. Və bu söhbətlərdən birində mənə belə bir şey deyildi: “növbəti albom sənin başqa bir işə başlamaq üçün bitirməli və kənara qoymalı olduğun hekayəndir”. Elə oldu ki, albom çox uzun müddətdə hazırlandı. Mən yazırdım, xoşuma gəlmirdi, pozurdum, yenidən yazırdım... Paralel olaraq bir çox layihə ilə də məşğul olurdum. Bundan əlavə, hər dəfə bəzi hadisələr baş verirdi və işləri təxirə salmalı olurdum... Musiqiçi dostlarım mənə məsləhət gördülər ki, - "Albomu bitir - daha asan olacaq, yeni maraqlı layihələrə yol açılacaq". İndi, əlbəttə ki, hər şey fərqlidir: yeni yaradıcı macəralara hazıram. Deyə bilərəm ki, albom həqiqətən, Montrö kimi qət etdiyim növbəti əhəmiyyətli mərhələ oldu. İndi daha da irəli getməliyəm - qarşıma yeni məqsədlər qoymalı və çalışmalıyam.

Caz azadlıq musiqisidir. Siz nə dərəcədə azad insansınız? Və sizin üçün azadlıq nə deməkdir?
Cavab vermək çətindir, çünki hətta caz musiqisini də hər zaman azad adlandırmaq olmaz. Ölçüm hər şeydə var, həmçinin azadlıqda da. Bu, şüurumuzun faktorlarından biridir, azadlığımızı idarə etməyə çalışdığımız zaman əslində həmin enerjimizi bloklayırıq. Demək olar ki, hər zaman kənar səbəblər olur və sən daim azad vəziyyətdə ola bilmirsən. Özünü azad etdiyində və azadlığını həqiqətən idarə edə bildiyində həmin tarazlığı tapmaq bacarığı mənim üçün bəlkə də ən vacib keyfiyyətlərdən biridir. Bir şey ifa edərkən azad olduğumu hiss edirəm. Belə bir anda olduqca açığam və hisslərimin tamaşaçılara ötürüldüyünü hiss edirəm.

Belə bir fikir var ki, 60-cı və hətta 90-cı illərdəki sələflərə görə biz bu gün daha az azadıq. Bəs öz azadlığımızla başqalarının azadlığı arasındakı sərhəd haradadır?
Çox güman ki, bu insanın şəxsiyyətindən asılıdır. Azadlıq ruhu və azadlıq arzusu həmişə şərtlərdən daha güclüdür. Sadəcə azad olmaq üçün böyük bir istək olmalıdır. Mən düşünürəm ki, insan özü üçün istədiyi hər bir şeyi edə bilər. Bununla yanaşı hər zaman bəzi problemlər, çətinliklər, çətin anlar olacaq... Ancaq insan yalnız özü hansısa vəziyyətə düşə bilər, ondan çıxa bilər və hətta o vəziyyətin içində bata bilər. Və ya əksinə - açılıb və davam edər. Reallığımız o qədər mürəkkəbdir ki, insanlar hiss etmək qabiliyyətlərini itirirlər. Mənə elə gəlir ki, hər kəs hər şeyi çox sürətli yaşayır və bu təlaşda nəsə hiss etməyə vaxtları olmur. Əvvəllər fotodakı, trekdəki duyğuları tam hiss edə bilirdik. İndi treklər dəqiqəlik, fotolar isə anlıq olub. Bir şey anlamağa vaxtımız olmur. Bütün bunlar beynimizdə xaos yaradır və daxilən azad olmağa imkan vermir. Biz rahatlaşa bilmirik və həqiqətən nəyisə dərk edə, baş verənləri anlaya bilmirik. Nə hiss etdiyimizi başa düşmürük. Sanki gözlərimizi açıb-yumuruq və həyat uçub gedir. Mənə elə gəlir ki, hadisələrin gedişatını bir qədər ləngitmək və əsas şeyə diqqət yetirmək, anlardan, təbiətdən zövq almağı öyrənmək lazımdır - bu məşğuliyyət heç vaxt darıxdırıcı olmur. Buradan da hissləri, maraqları və azadlığı almaq lazımdır.

Yəni "indi və burada olmaq"?
Bəli! Məncə, bu ən vacib şeydir. O zaman biz ətrafda baş verənləri həm görə bilərik, həm də anlaya bilərik. İndi biz dünyada, internetdə - hər şeydə baş verənlərin fırtınalı, sürətli axınındayıq. Düşünürəm ki, bütün bunları tez bir zamanda mənimsəməyə can atmamalıyıq. Sənə daha yaxın olanı seçməyi bacarmalısan. O zaman həm daha sərbəst, daha maraqlı olacaq, həm də özündə yeni hisslər və əhval-ruhiyyə kəşf edə biləcəksən.

XX əsrin caz titanlarının mirası bir musiqiçi kimi sizə təzyiq edirmi?
Qətiyyən! Təzyiq edə bilməz, yalnız ilham verə bilər. Əsl musiqini ifa edən, yaradan, yazan insanlara qulaq asanda həmişə ilham alırsan. Mən öz peşəmdə təhlil etməyi sevirəm, hansı il, hansı trek, hansı albomun necə qurulduğunu görmək mənim üçün maraqlıdır. Bu, irəliləməyə imkan verən bir mirasdır. XX əsrdə musiqi yaradanlar, əlbəttə ki, yenilikçilər idi, lakin onlar mənbəni XIX əsrdən alıblar. Əgər irsimizə söykənməsək, potensialımızı tez tükədə bilərik. Bizdən əvvəlki sələflər, alim kimi yaradıcı insanlar harmoniyanın xüsusiyyətlərinin axtarışı, nəyi nə ilə səsləndirməyin universal düsturları ilə məşğul idilər. Və bu yalnız musiqiyə deyil, istənilən sənət sahəsinə də aiddir. Buna görə də mən həm klassik, həm də caz musiqisini böyük məmnuniyyətlə dinləyirəm. Bu müxtəlifliyi sevirəm və hesab edirəm ki, bizə bu cür zəngin mədəni irs qoyan insanlara minnətdar olmalıyıq.

Caz musiqiçisi üçün fundamental təhsil nə qədər vacibdir?
Çox vacibdir. Bəlkə əvvəllər başqa cür, şübhə ilə cavab verərdim, amma indi bunun çox vacib olduğuna əminəm. Əgər qarşına peşəkar məqsədlər qoyursansa, inkişaf etməyə hazırsansa, o zaman fundamental təhsil - onsuz heç bir qapını aça bilmədiyinin açardır. Bu mənim mövqeyimdir: musiqiçiyə ilk növbədə təhsil almaq mütləqdir.

Təhsilli bir insan üçün hər sahə asandır...
Bəli, bu işlənmiş mexanizmdir: nəyi və necə quracağını anlayırsan. Onsuz isə hansısa məqamda çaşıb qalacaqsan, nə edəcəyini bilməyəcəksən.

Albom üzərində qapanma zamanı çalışmısınız. Qapanma yaradıcılığınıza necə təsir etdi?
Albom üzərində yalnız pandemiya dövründə çalışdığımı deməzdim. O vaxta qədər bəzi kompozisiyalar artıq tamamlanmışdı. Əlbəttə ki, həmin dövr spesifik və gözlənilməz idi. Hamı qeyri-müəyyən vəziyyətdə idi, o qədər hadisələr baş verirdi ki, yaradıb-yaratmamaq sualı yaranırdı. Ancaq bir şeyi başa düşdüm: davam etməkdən başqa çarəm yoxdur. Üstəlik, hər zaman çatışmayan boş vaxt yaranmışdı. Arada yemək və ya siqaret çəkmək üçün fasilə etməklə musiqi alətinin arxasında oturub sonsuz ifa etmək mümkün idi. Həmişə boş vaxt arzusunda idim və budur, şəxsi təhsilim ilə məşğul olmaq imkanı yaranmışdı. Bəli, müəyyən dərəcədə o çətin dövrdə özümdə bir çox şeyləri kəşf etdim. Və sadəcə musiqidə deyil. Özümdə bir çox fərqli yenilikləri dərk etdim...

Albomunuz Beynəlxalq Caz Günündə işıq üzü gördü. Bu düşünülmüş bir şey idi?
Biz şirkət ilə albomun çıxış tarixini müzakirə edirdik və bu tarixin simvolik olacağını düşündük. Mən UNESCO-nun dəstəyi ilə Parisdə keçirilən "Jazz Day"in böyük tədbirlərində dəfələrlə iştirak etmişəm. İnanılmaz bir zövq və ən parlaq duyğular yaşamışam, Herbi Henkok, Ueyn Şorter və bir çox digər musiqi "nəhəngləri" ilə tanış olmuşam. Səhnə arxasında eyni konsert iştirakçısı olaraq söhbət etmişik – bu fantastik hiss idi!

Dük Ellinqton bir dəfə demişdi ki, "caz qətlə bənzəyir - nəsə etmək niyyəti ilə ifa edirsən". Bəs Siz caz ifa edərkən ağlınıza nə fikirlər gəlir?
Qətl haqqında fikirlər dəqiq gəlmir. Belə paralelləri, ümumiyyətlə, sevmirəm. Biz, yaradıcı insanlarıq, əlbəttə ki, bizi görən və ya dinləyənlərə müəyyən bir mesaj göndəririk. Mənim üçün musiqi yaşadığım hekayələri və hiss etdiyim emosiyaları çatdırmağa çalışdığım dildir. Çox vaxt hiss etdiyimi sözlə ifadə edə bilmirəm və bunu musiqi vasitəsi ilə edirəm. Musiqi ifa edərkən və ya dinləyərkən dinləyici və ya musiqiçi ilə bir əlaqə hiss edirəm - bu mənim üçün çox vacibdir. Dinləyicinin reaksiyası çox vacibdir. Bu mənim ruhum üçün çox dəyərli bir "yanacaq"dır, bunun sayəsində nəsə yaratmağa davam edirəm. Mənim üçün canlı duyğular, reallığı hiss etmək - ən əsas şeydir. Xatırlamaq, hiss etmək, görmək, diqqət yetirmək - bunlar bizə təbiət tərəfindən verilmiş unutduğumuz sadə amillərdir. Unutduqda xaosa düşürük.

Bir insanın daim təkmilləşdirilməli resurs olduğu ilə razısınızmı? Məsələn, musiqi ilə?
Bəli, əlbəttə. Məsələn, mən gözlərimi yumub bir musiqiçini saatlarla dinləyə bilərəm. Həmin o rahat vəziyyətə musiqi olmadan qərq ola bilmərəm. Hər kəsin rahatlaşmaq, dinləmək, hiss etmək üçün istifadə etdiyi öz formulası var...

Sirr deyilsə, indi ən çox kimi dinləyirsiniz?
Bred Meldaunu. Onun nə yaratdığını və bununla nə demək istədiyini görmək mənim üçün çox maraqlıdır. Onun əsərlərini peşəkar bir musiqiçi kimi təhlil edirəm. Dinləyirəm, burada niyə belə bir akkord olduğunu düşünürəm, öz "şəbəkəmi" qururam, niyə bu cür qurulduğunu, texniki tərəfini araşdırıram. Bundan əlavə, bu sənətçi bəzən heç bir izahı olmayan bir şey yarada bilər, bir növ emosional sıçrayış - inanılmaz bir kulminasiya və ya sükut elementini. Bunun açıqlaması yoxdur. Bir də Fred Herşi dinləyirəm.

Sizin müqaviləniz iki albom üçün bağlanıb, birinci artıq çıxıb, bəs ikinci albom nə vaxt gözlənilir?
Qapanma olmadığı təqdirdə gələn ilin əvvəlinə qədər çıxarmağı planlaşdırırıq. Yəqin ki, bu dəfə daha çox elektron musiqi olacaq.

Elektron musiqisi və caz sizin həyatınızda hansı yeri tutur? Ümumiyyətlə, bir adamın yaradıcılığında bu janrlar bir-birinə nə qədər uyğunlaşa bilir?
Özümü bir çox caz musiqiçilərinin adlandırdığı kimi cazmen, elektron və ya klassik musiqiçi adlandırmaq çətindir. Özümü elektron musiqisindən, cazdan, klassikadan, rokdan, popdan və hər şeydən ilham alan bir musiqiçi hesab edirəm. Hər şeyin öz vaxtı və öz əhvalı var. Klassik və ya caz musiqisi ilə məşğul olanda - bu sadəcə royal, sən və notalardır. Elektron musiqi isə artıq noutbuk, kontroller, elektrik kabeli, şnurlar, kompressorlar, effektlərlə bağlı məsələdir... Ancaq uyğunlaşdırmağı bacarıram. Əgər bir layihəm varsa - yalnız onunla məşğul oluram, elektron musiqiyə də vaxt tapıram. Bu çətindir, hər dəfə beynini yenidən kökləməlisən. Amma hələ ki, bu xoşuma gəlir və janrlarla eksperiment aparmağa davam edəcəyəm. Bəlkə də bir gün orkestrlə işləməyə başlayacağam və ya başqa bir işlə məşğul olacağam - gələcəklə bağlı çoxlu suallarım var!

Hansı səhnədə çıxış etmək istərdiniz?
Əvvəllər Albert Hall və ya Montrödə çıxış etmək arzum vardı, Allaha şükür ki, bütün bunlar gerçəkləşdi. Bu gün çıxış etməyi xəyal etdiyim xüsusi bir səhnə yoxdur. Mənim çıxış etmək, tamaşaçılarla birlikdə olmaq istəyim var, harada olduğu vacib deyil. Bu böyük zal olsa - əla olar, amma ümumi olaraq mənim yaradıcılığım üçün bunun heç bir əhəmmiyyəti yoxdur.

Çıxış edərkən necə bir vayb hiss edirsiniz?
Bəzən eyforiya, bəzən boşluq - cürbəcür hisslər. Bu atmosferdən asılıdır. Məsələn, Boiler Room konsert zalında çıxış zamanı səhnəyə çıxıb və set ifa etmək mənim üçün yeni bir şey idi, eksperiment etmək və bu zaman özümü necə hiss edəcəyimi görmək maraqlı idi - mən, adətən zalda oturan tamaşaçıların qarşısında ifa edən bir musiqiçiyəm. Burada isə insanlar ayaq üstə dayanır və ya gəzirlər - uyğunlaşmaq o qədər də asan deyil! Amma çox gözəl təəssürat, böyük emosiyalar idi. Burada insanlar bədən hərəkətləri ilə fərqli enerji verirdilər. Yeri gəlmişkən, bir sənətçi səhnədə olanda bu, onun bir kapsulun içində olduğu, ətrafında baş verənlərlə maraqlanmadığı anlamına gəlmir. İfaçı üçün salonda oturanların və ya gəzənlərin əhvalını hiss etməsi, diqqətlə və zövqlə dinlədiklərini görmək, duyğular səviyyəsində təmasın baş verib-vermədiyini anlamaq həmişə vacibdir. Axı, yalnız bu cür emosional qarşılıqlı nüfuz etmə əsl şou yaradır.

Caz sizin üçün nə deməkdir?
Uşaqlıqda mənim üçün maraqlı bir oyun idi - improvizasiyalı, qeyri-adi bir oyun. Hətta bununla bağlı maraqlı bir hekayəm də var. Evdə müxtəlif musiqiçiləri dinləyirdik, aralarında inanılmaz bir truba ifaçısı da var idi - ən yüksək səviyyədə caz ifa edən Dizzi Qillespi. Musiqiçi ailəm var, evdə həmişə müxtəlif musiqi alətləri olub. Bir dəfə trubada bir şey ifa etməyə çalışdım və mənə elə gəldi ki, tam Dizzi kimi çalıram. Ancaq valideynlərim trubanı əlimdən aldılar, sən demə bu çox mürəkkəb bir alət imiş. Ancaq sonralar mən trubada, pianoda və gitarada ifa etmişəm – bu mənə maraqlı idi. Zamanla başa düşdüm ki, musiqi arzulardan, duyğulardan, ruh halından, improvizasiyadan ibarət bütöv bir okeandır... Bu azadlıqdır! Bəziləri üçün çox mürəkkəb görünsə də, caz musiqisi çox açıqdır.

Musiqi bəzi daxili problemləri həll etməyə kömək edirmi?
Bəli, əlbəttə! Şəxsi şeylər haqqında danışmaq istədikdə həmişə alətin arxasında otururam. Bu çox vaxt hansısa kompozisiyalara, musiqi parçalarına ötürülür. Mən onları yazmıram, belə anlarda sadəcə ifa etmək - yəni özümü ifadə etmək istəyrəm. Alət isə hər zaman buna şaddır və ünsiyyət qurmağa hazırdır... Yeri gəlmişkən, Montrö şəhərində verdiyi konsertdə tanış olduğum böyük musiqiçi Fred Herş bu yaxınlarda çox vacib bir şey söyləmişdi: "Piano arxasında əyləşəndə anlamalıyıq ki, biz musiqiçilər çoxuq və hər birimiz fərqli orqanizmlərə və fərqli səs qavrayışına sahibik... Fərqli qulaqlarımız var və hər biri səsləri özünəməxsus şəkildə eşidir və qavrayır, baxmayaraq ki, alət birdir. Buna görə musiqi aləti ifaçının hisslərini və duyğularını əks etdirən bir aynaya çevrilir". Mən də bütün bunlarla razıyam, çünki öz təcrübəmdə bunu yaşamışam: musiqi mənim daxili vəziyyətimi əks etdirən aynadır.

Bəs hazırda həyatınızda hansı hiss üstünlük təşkil edir?
İnkişaf edə bilmək üçün həmişə ruhumu tarazlıqda saxlamağa çalışıram. Bu mənim üçün çox vacibdir. Bilikləri və dəyişiklikləri öz içimdə tarazlaşdırmağa, daxili nizamı işlək vəziyyətə gətirməyə çalışıram. Bu, dünyanı qəbul etmək, başqalarına da ötürə biləcəyim hissləri ilham aldığım kanalı yaratmaq cəhdidir. Belə bir "tənzimləyici" ilə öz üzərimdə işləməyə və vacib bir şey yaratmağa davam edə bilərəm.

Notalara yazmadığınız musiqiyə görə peşman olmusunuzmu?
Əlbəttə ki, bir neçə dəfə. Hərçənd anlayıram ki, deməli, bu, olmalı idi – həmin vaxtı ifa etdiyim musiqi elə orada qalmalı idi, bir daha heç kim onu eşitməyəcək. Bəzən melodiyalar öz-özünə yada düşür, bəzən isə nə qədər xatırlamağa çalışsan da heç nə alınmır... Bəzən də elə olur ki, böyük bitmiş kompozisiyanı yuxuda ifa edirsən, amma səhər onu xatırlaya bilmirsən. Mən buna fəlsəfi yanaşıram: hətta bir şey yazmasan belə sənin yaradıcılığın sənin bir hissənə çevrilir - sən onsuz da onu ifa etdin, yuxuda olsa belə. Bəlkə də bu kifayət idi. Bunun baş verməsi artıq gözəldir!