Elnarə Naxmedova - Azərbaycanda uğurlu işgüzar qadınların ən parlaq nümunələrindən biridir. O, karyerasına hələ yetkin yaşlarında başlayıb və bu illər ərzində “Beauttech” adlı əsl beauty-imperiyasını qurmağı bacarıb.
Azərbaycandakı She’s Next, Empowered by Visa qlobal təşəbbüsü çərçivəsində Elnarə Naxmedova öz hekayəsini, təcrübəsini və biznes tövsiyələrini paylaşıb.
Bizə iş təcrübəniz barədə bəhs edin.
Hər şey əlimə qayçı götürdüyüm andan başladı. 17 yaşında yeniyetmə qız ikən ailəmi dolandırmaq üçün bir gözəllik salonuna işə düzəldim, 19-20 yaşında isə ailəmi artıq mən saxlayırdım. Yaradıcılıq meyllərim var idi, buna görə də özümü gözəllik sahəsində fəal şəkildə sınamağa başladım. Və ilk günlərdən bu işin mənə görə olduğunu başa düşdüm.
Necə oldu ki, “Beauttech” brendinizi yaratdınız?
İstənilən ambisiyalı usta həmişə öz gözəllik salonunu açmaq istəyir. Xaricdə çoxsaylı təlimlər məni dəlicəsinə öz komandamı yığmaq üçün ilhamlandırırdı. Azərbaycanda həmişə belə olub: usta təkbaşına işləyir, buna görə müştərilər salona yox, “ustaya” gedir. Mən isə müştərinin salona gələrək istədiyi nəticəni əldə edə biləcəyi və ustaların hər birinin peşəkar olduğuna əmin olacağı yerli bir marka yaratmaq istədim.
Nədən başladınız? İlk addım nə idi?
10 il işlədikdən sonra, 30 yaşımda öz salonumu açdım. İlk addım komanda yığmaq idi. Öncəliyim gənclər idi: ətrafıma 15 yaşından yanıma öyrənməyə gələn uşaqları yığırdım. Bu əməkdaşlıq xoşuma gəlirdi: onlar mənə enerji verirdilər, mən isə öz biliklərimi onlara ötürürdüm. Əvvəlcə 10 nəfər idik, bu gün isə menecment daxil olmaqla 200 nəfərik. Uşaqların bir çoxu hələ də yanımda çalışmağa davam edir, axı 13 il keçib.
Komandanı necə yığdınız?
Gənclərə üstünlük verirdim, çünki təmiz səhifədən başlamaq hər zaman daha asandır. Peşəkar biliklərlə yanaşı, bir insana bizim millətə xas olmayan komanda ilə işləmək işini öyrədə bilərsən. Hər biri ayrı-ayrılıqda öz sahəsinin peşəkarları olsa da, onları bir komandada toplamaq çox çətindir. Gənc uşaqlara başa salırdım ki, birlikdə işləməyi öyrənmək lazımdır. Bu yaxınlarda salonun qonaqları arasında bir sorğu keçirdik, onlar qeyd etdilər ki, Beauttech kiminsə müştərisi olduğunu hiss etmədiyiniz yeganə yerdir, çünki insanlarımız bir-birini fəal şəkildə dəstəkləyir. Əgər bir usta məşğuldursa, digəri mütləq kömək edəcək. Salonumuzun qaydası budur və bu mənim qürurumdur.
Yolunuzda hansı çətinliklərlə, maneələrlə qarşılaşmısınız?
Maneələr az deyildi, amma bütün bu çətinliklərin öhdəsindən gəldik. Təcrübə elə budur. Yenə deyirəm, komanda ruhu çox vacibdir. Əminəm ki, hər bir müştəri müəyyən ustaların ulduz xəstəliyi ilə qarşılaşıb. Mən həmişə bir xidmət olduğumuzu təbliğ etmişəm: nə qədər "əla" usta olsanız da, qonağa xidmət etdiyinizi anlamalısınız və bu xidmət yüksək səviyyədə olmalıdır. Müştərinin maraqları ilk növbədədir. Heç bir gecikmə və ya etiraz olmamalıdır. Biz psixoloji təlimlər keçirdik: ustalara necə danışmağı, durmağı və əllərini hansı səviyyədə tutmağı öyrədirdilər. İndiyə qədər Beauttech məktəbində bütün ustalar bunun dərsini keçirlər.
Öz biznesinizə başlayarkən hansı prinsipləri rəhbər tutmusunuz?
Həmişə partnyorluğun tərəfdarıyam, çünki "özbaşına" olmağı sevən insanlar kateqoriyasına aid deyiləm. Əlbəttə ki, həmtəsisçilərin yarı yolda qoyduqları hallar olub, amma yenə də hesab edirəm ki, işinizi fəal şəkildə inkişaf etdirmək üçün həmişə tərəfdaşlarınız olmalıdır. Hər kəs şirkətin inkişafına öz töhfəsini verir.
İndi iş gününüz necə qurulur? Vaxtınızı necə planlaşdırırsınız və işə gündə neçə saat vaxt ayırırsınız?
Hamı bilir ki, Elnarə və Beauttech ayrılmaz şeylərdir və mənim iş qrafikim 7/24-dür. Bəzən bir fikirlə yuxuya gedirəm, sonra gecə yarısı bir ideya ilə oyanıb unutmamaq üçün bir yerə yazıram və onu həyata keçirməyin mümkün olub-olmadığını düşünürəm. Əgər özünü bir işə tamamilə verirsənsə, o zaman mütləq geri dönüşü hiss edəcəksən, axı bu, sizə hansısa şəkildə qayıdan inanılmaz bir enerjidir: maddi nemət, şöhrət, uğur... Günüm bloknot və qələmlə başlayır: nə edəcəklərimi yazıram. Tamamilə hər şeyi qeyd etməyə çalışıram, yalnız o zaman bu işi sona qədər görəcəyimi inamla deyə bilərəm. Gördüyün işlərin üstündən xətt çəkməyə başlayanda böyük bir zövq alırsan, sadəcə özümü alqışlayıram və özümə deyirəm: "Afərin sənə!"
Hansı vəzifələri komandanıza həvalə etmisiniz və özünüz nə ilə məşğulsunuz?
Sıfırdan bir iş qurmağa başlayan hər hansı bir sahibkara kiməsə səlahiyyət vermək çətindir. Son 2-3 ildir ki, biznes böyüdükcə hər işin öhdəsindən özümün gələ biləcəyimin qeyri-real olduğunu başa düşərək işçilərə həvalə etməyə başladım və burada artıq etibar məsələsi ortaya çıxır. İnsanlara etibar etməsəm, iş getməyəcək. Eyni zamanda, "etibar et, lakin yoxla." Bu gün Beauttech komandasında karyera pilləsi ilə qalxmış insanlar var. Onlar resepşn işi ilə başlayıblar, bu gün isə bütün şəbəkəni idarə edirlər. Mən onları biznesin fəal inkişafına maraq göstərmək üçün salonun ortaqları edirəm, müəyyən bir pay verirəm. Komandadan rəhbərlər çıxdığını görürəm. Bu gün bu cür nümunələr çoxdur və bunlar getdikcə daha da çoxalır.
Öz işini qurmaq istəyən gənc qadınlara nə məsləhət verərdiniz? Nədən başlamalıdırlar və nələrə diqqət yetirməlidirlər?
Özünə inanmaq haqqında banal şeylər söyləməyəcəm. Bir qələm, kağız götürmələrini və ətraflı şəkildə hər şeyi yazmalarını məsləhət görərürəm. Birincisi, bu və ya digər biznes ona niyə lazımdır, çünki çoxları tez-tez yalnız işin üz tərəfini görür, ancaq daxili mətbəxi bilmir. İkincisi, bu biznesin məqsədlərini yazmaq lazımdır: qazanc, şöhrət, əyləncə ya da sadəcə vaxt öldürmək üçün lazım olduğunu... Sonra düşündüyünüz işi hərtərəfli analiz etməlisiniz, xüsusən də mənfi cəhətlərini — nədənsə heç kim bu barədə düşünmür. Əgər insan biznesdə ən azı bir mənfi tərəf tapmırsa, demək, bu iş barədə tamamilə heç bir şey bilmir. Bütün diqqəti səhvlərə yönəltmək lazım gələrkən, çoxları sadəcə üstünlüklərə diqqət yetirir. Bu çox vacibdir.
Qadının gücü nədədir?
Qadının gücü çoxcəhətli olmasındadır. Qadın yəqin ki, yer üzündə 10 işi eyni vaxtda görə bilən yeganə məxluqdur: sərt, tələbkar rəhbər və eyni zamanda — gözəl, mehriban, həssas bir anadır, evdə nə bişirəcəyini düşünən və biznesdə hansısa problemi həll edən məxluq. Qadının çoxyönlü olması onun ən böyük üstünlüyüdür.