NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Yeməklərlə dolu film gecələri üçün ən yaxşı 5 film!

Həftə sonları ləzzətli qəlyanaltılardan həzz alarkən arxanıza yaslanıb, ayaqlarınızı pufun üstünə qoymaq və film izləmək üçün mükəmməl vaxtdır. Yeməkdən danışmışkən, hələ də nə izləyəcəyinizə əmin deyilsiniz? Möhkəm dayanın, jurnalımızın 114-cü buraxılışının mövzusu ilə əlaqədar ən yaxşı 5 filmi təqdim edirik. Getdik!

“Julie & Julia” (2009)
IMDB – 7/10
Rotten Tomatoes - 77%

Siyahımızda ilk növbədə Nora Efron tərəfindən çəkilmiş, Meril Strip və Emi Adamsın baş rolları bölüşdüyü, həmçinin Stenli Tuççi və Kris Messinanın digər əsas rollarda yer aldığı Amerikan bioqrafik komediya-dram filmi yer alır. Bu ekran işi iki kitab əsasında hazırlanıb: “Fransadakı həyatım” (Culiya Çayldın avtobioqrafiyası) və “Culi və Culiya: 365 gün, 524 resept, 1 kiçik mənzil mətbəxi” (Culi Pauellin xatirəsi, sonradan “Culi və Culiya: Təhlükəli şəkildə yeməklər bişirdiyim bir il” adlandırılıb).


Film, “Le Cordon Bleu”da şübhələrlə və çətinliklərlə üzləşən, tənha yaşayan bir qadın aşpaz Culiya Çayldın Parisdə kulinariya dünyasına addım atdığı ilk illərini nümayiş etdirir. Eyni zamanda, işindən razı olmayan Culi Pauellin həyatını da araşdırırıq, hansı ki, o, Çayldın kitabındakı 524 reseptin hamısını bir il ərzində bişirmək üçün özündə motivasiya tapır. O, oxucular arasında populyarlıq qazanan bloqda fikirlərini, uğur və uğursuzluqlarını bölüşür. 1950-ci illərdə Çayld amerikalı evdar qadınlar üçün fransız yemək kitabı üzərində işlər görərək, bir sıra maneələrin öhdəsindən gələ bilmiş, Culi isə diqqətləri öz bloquna cəmləməyi bacarmışdı - lakin onun evlənməsi ilə birlikdə prioritetləri də dəyişmiş, bununla bağlı müəyyən çətinliklərlə qarşılaşmışdı.

Paris mətbəxindən tutmuş bloq dünyasına qədər bütün bu hekayələr əzmkarlığın, ilhamın və həyatdakı çətinliklərin maraqlı qarışığından ibarətdir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“Ratatouille” (2007)
IMDB – 8.1/10
Rotten Tomatoes - 96%

Pixar” və “Disney” studiyalarının əməkdaşlığı nəticəsində ərsəyə gətirilmiş “Ratatouille” tamaşaçılara Paris küçələrindəki inanılmaz macəraları təqdim edir. Kulinariya həvəskarı olan Rat Reminin, məşhur Fransız restoranı “Gusteau's”da işə yeni başlamış aşpaz Linquini ilə yolları kəsişir. Onlar ən çətin vaxtlarında görüşür və çox yaxşı dost olurlar, çətinlikləri əl-ələ verərək dəf edirlər. Hekayənin pik nöqtəsi yemək mütəxəssisi Anton Eqonun səfəri ilə bağlı iki dostun mübahisəsi zamanı baş tutur, hansı ki, bu da onların dostluğunda müvəqqəti durğunluğa səbəb olur. Bununla belə, Remi və Linquini yenidən birləşərək Antona onu həyatının ən gözəl dövrünə - uşaqlığına qaytaran "Ratatouille" yeməyini hazırlayırlar.


"Ratatouille" sadəcə yemək bişirməklə bağlı bir hekayə deyil; o, özündə gizli istedadları və həyatın gözlənilməzliklərini də ehtiya edir. “Gusteau’s” restoranının yerində "La Ratatouille" restoranı açıldıqdan sonra əsas mövzu da ön plana çıxmış olur: xəyallarınızın ardınca getmək, uğursuzluqlardan dərs çıxarmaq və dostluğun gücündən istifadə etmək. Bu onu göstərir ki, yalnız əsl dostlar həm uğur qazandığınızda, həm də uğursuzluqlarınızda sizin yanınızda olurlar.

  •  
  •  
  •  
  •  
  •  
/


“The Menu” (2022)
IMDB – 7.2/10
Rotten Tomatoes - 88%

3-cü filmimiz "The Menu" dramatic bir şəkildə bizi özünə çəkir, ona görə də barmaqlarınızı qəlyanaltı ilə birgə yeməkdən ehtiyat edin! Rejissoru Mark Milod tərəfindən 2022-ci ildə çəkilən bu Amerikan komediya-qorxu filminin Ralf Finnes, Anya Teylor-Coy, Nikolas Hoult və başqaları da daxil olmaqla mükəmməl aktyor heyəti var. Hekayə xətti məşhur aşpaz Slovik (Ralf Finnes) tərəfindən hazırlanmış fantastik şam yeməyinə qoşulan cütlüklər ətrafında fırlanır. Bununla belə, heç nə göründüyü kimi deyil və heç kimin daha sonra nə olacağını proqnozlaşdırması mümkün deyil. Aşpaz Slovik ləzzətli yeməklər təqdim edir, lakin bu ləzzətlərin qiyməti çox bahadır- o, onların ən dərin sirlərini açacaqdır.

Süjet şiddətli və eyni zamanda estetik baxımdan xoşagələn səhnələrlə doludur. Eyni zamanda, siz aşpazlarının hər bir sözünə qanun kimi baxan işçilərin özlərini ona saf şəkildə həsr etmələrini aydın şəkildə görə bilərsiniz. Komandanın hər bir üzvü öz aşpazı üçün ölməyə hazırdır. Bir az spoiler versək, yalnız bir nəfər onun həyatını xilas edə bilər, yoxsa necə? Film baş aşpaz Slovik və heyətinin son missiyasına başlaması ilə başa çatır. "The Menu" filmini mütləq izləməyə dəyər, burger və kartof qızartmasının gücünü kəşf etməyə hazır olun!

  •  
  •  
  •  
  •  
  •  
  •  
/


“Umami” (2022)
IMDB – 5.7/10

Gerard Depardyenin Qabriel Karvin rolunda oynadığı daha bir valehedici filmə keçid edirik. Onun oynadığı obraz yapon rəqibi tərəfindən keçmişdə uğradıldığı məğlubiyyətin arxasınca qaçan məyus bir fransız aşpazıdır. Ən yaxşı “umami” yeməyini kəşf etmək üçün səyahətə çıxan aşpaz Fransadan Yaponiyaya səyahət edir. Yolda o, fransız və yapon ləzzətlərini qarışdıraraq yeməklər vasitəsilə özünü kəşf etməyə başlayır. Yapon və fransız aktyorlarının böyük heyətindən ibarət film müxtəlif mədəniyyətlərin harmonik qarışığını ehtiva edir.

Hekayəni xüsusi edən onun yetişkin insanların özünü kəşf etməyindən bəhs etməsidir. Depardyenin personajı Qabriel yapon mədəniyyəti haqqında daha çox öyrəndikcə daha da gülməli və emosional hal alır. “Umami” filmi Fransız İnstitutunun köməyi ilə təqdim olunub və zəngin mədəni təcrübə üçün fransız, ingilis və yapon dillərini özündə cəmləşdirib. Klod Fransuanın “Alexandrine Alexandra” əsərinin və yapon uşaq mahnılarının yer aldığı musiqilər filmə daha da maraq qatır.

  •  
  •  
  •  
  •  
  •  
/

“Eat, Pray, Love” (2010)
IMDB – 5.8/10
Rotten Tomatoes - 35%

Bu siyahıdakı sonuncu film, Gilbertin memuarına əsaslanan, Culiya Robertsin Elizabet Gilbert rolunda oynadığı Amerikan romantik dram filmidir. Rejissorunun Rayan Merfi olduğu bu film bir sıra müxtəlif rəylər alsa da, maliyyə baxımından çox uğurlu bir iş olduğunu sübut etmişdi. Belə ki, 60 milyon dollarlıq büdcə ilə çəkilən film dünya üzrə 204,6 milyon dollar gəlir əldə etmişdi.

“New York Times”ın ən çox satılanlarından olan "Ye, dua et, sev" kitabı bu film üçün ilham mənbəyi olub. Evliliyində bir durğunluqla üzləşən Liz Gilbert həyatında axtardığı rahatlığı tapmaq üçün İtaliya, Hindistan və Bali adasına bir illik səyahətə çıxmağa qərar verir. Film boyu Lizin öz məqsədlərinə necə nail olduğunu görmək mümkündür. 43 yaşlı Culiya Roberts öz rolunu ustalıqla oynayaraq bu filmi sözügedən kitabın həvəskarları üçün maraqlı bir macəraya çevirib. Filmdə İtaliya ləzzətli spagettisi və gelatosu ilə dünya mətbəxinin ürəyi kimi xatırlanır, Hindistan maariflənmə, meditasiya və özünü kəşf etmə ilə əlaqələndirilir. Bali isə Lizin müəllimi Ketut Liyerlə yenidən görüşdüyü və həyatının sevgisi Felipe ilə görüşdüyü yer kimi göstərilib.

  •  
  •  
  •  
  •  
  •  
/