Eramızdan əvvəl 335-ci ildə Aristotel dram nəzəriyyəsinə dair "Poetika" adlı traktat yazdı. Bu traktatdan yalnız müəyyən fraqmentlər günümüzə gəlib çıxsa da, bu əsər insanların emosional povestləri necə qavradığını başa düşmək üçün zəmin yaradır, bizim psixo-emosional quruluşumuzun inkişaf etsə də, Aristotelin qeyd etdiyi prinsiplərə əsaslandığını göstərir. Hər şey təqlidi stimullaşdırır. Biz sosial varlıq olduğumuz üçün bir-birimiz olmadan mövcud ola bilmərik, necə ki, müşahidə etmədən və sonradan bu müşahidələri müxtəlif formalarda həyatımıza tətbiq etmədən də inkişaf edə bilmərik. Paradoksal olaraq, başqalarının təcrübələrini cəmləşdirməyə çalışanlar da tez-tez oxşar vəziyyətlərlə qarşılaşırlar və bu zaman başqalarının təcrübələrini özləri də yaşamalı olurlar. Bu, həyat yolunu seçərkən heç də həmişə diqqətli olmağın və fokuslanmağın əsas həlledici funksiyalar olmadığını göstərir, adətən, keçmişdə baş verənlər gələcəyi formalaşdırır. Dövrümüzün ən səmimi rejissorlarından biri olan Nuh Baumbaxın başına gələn də məhz bu olub.
Baumbax 3 sentyabr 1969-cu ildə Nyu-Yorkun Bruklin şəhərində Conatan Baumbaxın üçüncü övladı olaraq dünyaya gəlib. O, ilk filmini 24 yaşında çəkib və dərhal diqqətləri üzərinə çəkməyi bacarıb. Məsələ burasındadır ki, Baumbax insanlar arasındakı görünməyən əlaqələri, situasiyaların formalarını və davranış psixologiyasını tam şəkildə başa düşür. O, tədqiq etdiyi fikirləri çatdırmaq üçün istifadə etdiyi üsulları inkişaf etdirib, hekayələrinin və personajlarının səmimi təbiətini canlandırıb. Bəs niyə “Marriage Story” onun ən yaxşı əsəri hesab olunur? Bu olduqca sadədir. "Marriage Story"də izləyicilər ətrafdakı hər şey məhv olarkən, narahatlıq, stres və məyusluq içində sevginin necə mövcud ola bildiyini müşahidə edirlər. Baumbax, ambisiyaların və karyera yüksəlişinin əsas meyar kimi qiymətləndirildiyi müasir kapitalist cəmiyyətlərdə münasibətlərin qorunmasının əsaslarını əks etdirir. Baumbaxın müasir dünyanın fundamental problemlərinə toxunduğunu söyləməklə heç də hər şeyi demiş olmarıq, çünki əsas məsələ sevgini hiss etmək üçün lazım olan mənəvi ehtiyacın reallıqlarla, hansı ki, bu reallıqda xarici qüvvələrin təsiri ilə ən güclü, ən prinsipial və dözümlü fərdlər belə asanlıqla mənəvi yoldan aza bilər, uyğunlaşdırılmasındadır. Situasiyaların qlobal şəkildə dərk edilməsi insanı hərəkətlərinə görə qınanmaqdan da azad edir. Heç kim heç nəyə görə günahkar deyil.
Çarli (Adam Drayver) davamlı olaraq məqsədlərinə çatan qətiyyətli teatr rejissorudur. Təəccüblü deyil ki, Çarli, həyat yoldaşı Nikolun (Skarlet Yohanson) aparıcı aktrisalardan biri olduğu bir teatrın sahibidir. Teatr sosial strukturun simvolu kimi xidmət edir, burada bir çox aktyorlar sadəcə bir vasitə olduqlarından xəbərsizdirlər. Təbii ki, rollarını dərk edənlər seçim etmək qabiliyyətinə malikdirlər: bunu qəbullana və ya öz teatrlarını qura bilərlər. İkincini seçənlər müqavimətlə üzləşəcəklər, axı, heç nəyi məhv etmədən yeni bir şey qura bilməzsiniz. Buna baxmayaraq, Nikol öz qərarını verib və geri addım atmaq niyyətində deyil.
Nikolun vəkili Nora Fanşou (Laura Dern) qələbə qazanmağı hər şeydən üstün tutması və bunun üçün istifadə etdiyi amansız taktikaları ilə məşhurdur. O, ailənin ən zəif nöqtələrindən, gizli qalmalı olan sirlərindən istifadə etməyə hazırdır. Bununla belə, bu prinsip Noraya şamil edilmir, çünki onun müştərisinin gələcəyi təhlükə altındadır. Çarli hissləri və narahatlıqları ilə bağlı həqiqətən empatiya quran, özünə uyğun vəkil tapmaqda çətinlik çəkir, lakin Nora ilə qarşılaşdıqdan sonra vəziyyətin ciddiliyini dərk edir - bu, bütün mənəvi anlayışlardan məhrum olaraq yaşamaq uğrunda aparılan mübarizədir. Bu yanaşma ilə hüquqşünasa müraciət edir, çünki o düşünür ki, canavarlarla yaşayırsansa, canavar kimi səs çıxarmalısan. Cey Marotta (Rey Liotta) Noranın aqressiv yanaşmasına bələddir, onunla effektiv şəkildə əlaqə qurmağı bacarır. Hüquqi mübarizələri əsnasında Çarli və Nikolun əsas narahatlığı oğullarının taleyidir. Çarli atalıq hissini çox sevsə də, Nyu-Yorkdan Los-Ancelesə köçməyə qarşı çıxır, Nikolun isə öz istəkləri var. Talelərin necə bir-birinə qarışması heyrətamizdir. Rejissor olan Çarli bir aktrisaya aşiq olur və onu öz teatrının bir hissəsinə çevirir, həmin akstrisa isə bu teatrda öz rejissorluq istedadını kəşf edir. Çarlinin rejissorluq vəzifəsindən imtina etmək istəməməsinə baxmayaraq, Nikol başa düşürdü ki, özünü kəşf etməsi üçün başqa bir yerə getməlidir. Nəticədə o özü getsə də, sevgisi olduğu kimi qaldı.
"Bu məsələ ilə xüsusi bir əlaqəm var... Amma həyatımın həmin dövründə bir çox dostlarım ayrılırdı. Mən bunu daha dürüst bir şey ərsəyə gətirmək üçün bir fürsət olaraq gördüm, ona görə də çoxlu analizlər apardım. Mən bir çox dostlarımdan, dostlarımın dostlarından, daha sonra vəkillərdən, hakimlərdən, vasitəçilərdən müsahibələr aldım”. - Nuh Baumbax.
İdeya Baumbaxa 2016-cı ildə, aktrisa Cennifer Ceyson Leydən boşandıqdan sonra gəlib. O, tanınmış hüquqşünas Laura Vasseri Nora Fanşou obrazı ilə canlandırıb və hətta bəzi səhnələri onun ofisində lentə alıb. Laura Vasser məhkəmədə məşhurların, o cümlədən Baumbaxın özü, Skarlet Yohanson və hətta Nora Fanşou obrazını canlandıran Laura Dernin maraqlarını təmsil etməsi ilə tanınır. Bu onu deməyə əsas verir ki, layihədə iştirak edənlər personajları formalaşdırmaq üçün öz şəxsi təcrübələrindən istifadə edərək filmə dramatik bir dərinlik qazandırıblar, çünki yaşananları oynamaq onu yenidən yaşamaq deməkdir.
Film 2019-cu ilin ən yaxşı on filmi arasında yerini təmin edib. Los-Ancelesdə kirayə mənzildə çəkilən səhnənın tamamlanması üçün iki gün sərf edilib. Adam Drayver və Skarlet Yohanson "kəs" sözü deyilənə kimi eyni səhnəni 50 dəfə canlandırıblar. Final səhnəsi isə 76-cı cəhddə çəkilib. Bu işi ilə Nuh şəxsi təcrübələrinin onun üzərində yaratdığı bütün stressi də atmış oldu. Ola bilsin ki, o, daim boşanma haqqında düşünməkdən yorulmuşdu, çünki onun ilk filmi “The Squid and the Whale” də valideynlərinin boşanma prosesi dövründə çəkilib. Enerjisini yaradıcılıq prosesinə yönləndirmək o ağrılı xatirələri beynindən atmaq üçün yaxşı bir çıxış yolu idi. Bundan əlavə, bu mövzunu ətraflı tədqiq etdikdə filmin niyə bu qədər dərin rezonans doğurduğu da başa düşmək olar və bu filmdə ayrılıq ərəfəsində olanlar üçün müəyyən çıxış yolları görünə bilər.¬