Sketch by Nadiyya Gurban
1939-cu ildə psixoloq Vendell Conson ABŞ-ın Ayova Universitetində “dəhşətli eksperiment” həyata keçirib. Onun məqsədi uşaqların ətrafdakı insanların təsirinə nə dərəcədə həssas olduğunu öyrənmək idi. Altı ay ərzində o, 22 yetim uşağı iki qrupa bölərək istifadə edib. Birinci qrup nə qədər gözəl və düzgün danışdığına görə hər cür təriflənir, ikinci qrup isə nöqsanlarla dolu nitqinin naqisliyinə görə tənqid edilir, qrupun üzvləri isə “bədbəxt”) adlandırılırlar.
Bu “Dəhşətli Tədqiqatın” nəticələri də dəhşətli idi: təəccüblüdür ki, əvvəllər heç bir nitq problemi olmayan uşaqlarda nitq qüsurları yarandı, və onlar həyatlarının sonuna qədər kəkələmədən əziyyət çəkirdilər.
Eksperiment uzun müddət gizlədilib, çünki Conson onun nüfuzuna nə qədər zərər verə biləcəyini bilirdi. Lakin, hadisə ictimaiyyətə məlum olduqdan sonra, 2001-ci ildə Ayova Universiteti “Dəhşətli Tədqiqat” üçün açıq şəkildə üzr istəməli oldu.
İndiki cəmiyyətə baxanda bəzi valideynlərin övladlarını necə tərbiyə etməsi insanı narahat edir. Qışqıraraq və hörmətsiz yanaşaraq, valideynlər uşaqların seçiminə məhdudiyyət qoyur, eləcə də düzgün davranış qaydasına riayət olunmadığı halda, xoşagəlməz sözlərdən istifadə edirlər. Təəccüblü deyil ki, belə şəraitdə uşaqlar travmalı böyüyürlər, bu da cəmiyyətdə bir çox problemlərə yol açır. Bir həqiqəti qəbul etməliyik ki, uşaqlarımıza dediyimiz hər şey, xüsusən də tez-tez istifadə etdiyimiz sözlər, zaman keçdikcə onların şəxsiyyətini, həyatını, daxili dünyasını formalaşdırırlar. Uşaqlarımıza nə dediyimizə, onlarla necə ünsiyyət qurduğumuza diqqətlə yanaşmalıyıq. Yalnız sağlam tərbiyə və məhəbbət sayəsində oğul və qızlarımız güclü, bu dünyaya və müstəqil həyata hazırlıqlı, cəmiyyətin normal üzvü kimi inkişaf edə bilərlər.
Ülviyyə Mahmud,
Baş redaktor